“Sabah”ın hücumçusu Coy-Lens Mikels 2025-2026 mövsümündə yüksək liqalarda ən çox qol vuran almaniyalı futbolçu ünvanını ələ keçirib.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı forvard Premyer Liqada “Qarabağ”a qarşı keçirilən 1-ci turdan təxirə salınan oyunda fərqlənməklə buna nail olub.
Bununla qollarının sayını 9-a çatdıran çempionatımızın bombardiri dünyanın yüksək liqalarının ən məhsuldar almaniyalısına çevrilib. Bu saya çatmaq üçün Mikelsə 14 matç kifayət edib.
Danimarkanın “Odense” klubunun almaniyalı futbolçuları Noah Qanus və Fiete Arp bu mövsüm hərəyə 8 dəfə fərqlənməklə 2-3-cü yerləri bölüşdürürlər.
Cari mövsüm 14 qarşılaşmada 7 qol vuran “Araz-Naxçıvan”ın almaniyalı hücumçusu Ba-Muaka Simakala isə hazırda dünyanın ən məhsuldar 8-ci almaniyalı futbolçusudur.
Qol+assist sayında da Mikels hamını qabaqlayır. Onun aktivində 9 qolla yanaşı, 3 məhsuldar ötürmə də var.
“Odense”nin almaniyalıları ilə birlikdə “Austriya”nın üzvü Yohannes Eqqesteyn də 11 qolda yaxından iştirak edib. Simakala isə 9 xalla (7 qol + 2 assist) 7-cidir.

