Dünən Masazırda bəlkə də mövsümün oyununu izlədik.
Tribunalarda minlərlə azarkeş, meydanda baxımlı oyun, qollar...
Azərbaycan Premyer Liqası bax, bu cür oyunlarla dəyər qazana bilər. Cümə axşamı “Bank Respublika Arena”da keçirilən oyunda da azarkeşlərin gözləntisi bu idi.
Hər halda əbəs yerə “Sabah”ın doğma arenasına bu qədər azarkeş toplaşmamışdı. Nəzərə alaq ki, oyun həftə içi keçirilirdi.
Çox az insan bu cür tıxacı gözə alıb, belə havada uzaq yol qət edərdi. Düzdür, azarkeş sayının çox olmasında Masazır əhlinin də böyük rolu oldu.
Buna görə onlara əhsən! Meydanda isə hər iki komandaya “əhsən” düşürdü. “Bank Respublika Arena”nın həmişə yaxşı vəziyyətdə olan qaznonunda əsl FUTBOLUN şahidi olduq.
Xüsusilə “Sabah” güclü rəqibi ilə başa-baş oyunu ilə “mən də varam” dedi. Çoxdandı çempionatda zirvə uğrunda belə gərgin mübarizənin şahidi olmamışdıq.
Maraqlıdır ki, azarkeşlərə “Qarabağ”la mübarizədə bu cür, sözün yaxşı mənasında gərginliyi də sonuncu dəfə elə “Sabah” yaşatmışdı.
O vaxt Murad Musayevin rəhbərlik etdiyi “bayquşlar” son turlara qədər “Qarabağ”la çempionluq uğrunda yarışsa da, sonda illərin təcrübəsi öz sözünü demiş, Ağdam təmsilçisi növbəti çempionluğunu qazanmışdı.
Məhz həmin mövsüm ölkə futboluna “Sabah” adını sözün həqiqi mənasında qazandırmışdı.
“Sabah”a olan simpatiya da məhz həmin mövsümdəki baxımlı oyunla əldə edilmişdi. Bu gün “Sabah” yenə çempionluq yarışındadır.
Düzdür, komandanın baş məşqçisi Valdas Dambrauskas bu sözü dilinə gətirmir, çünki bu iddianın komandanı “yandıra” biləcəyini yaxşı anlayır.
Elə futbolçular da müsahibələrində çempionluq yerinə hər növbəti oyunun qazanılması, yekunda müsbət nəticənin hər matça final oyunu kimi yanaşmaqdan keçdiyini dilə gətirirlər.
Bu gün yenə “Qarabağ”ın qarşısında “Sabah” var. Amma bu dəfə daha təcrübəli “Sabah”.
İllərlə çempionatda ilk pillə uğrunda o qədər mübarizəsizlikdən əziyyət çəkmişik ki, bu gün “Sabah”ın “Qarabağ”ı 1 xal üstələməsi hətta nə qədər maraqlı da olsa, bəzi “Qarabağ” azarkeşlərini də sevindirir.
Bəlkə də bu rəqabət “Qarabağ”ı Avropada daha yüksək yerlərə daşıyacaq. “Sabah”ı da tarixində ilk dəfə Avropada əsas mərhələlərin iştirakçısına çevirəcək.
Gözləyək, görək. İndiyə olan vəziyyətdə isə “Sabah” təkcə qələbələrlə yox, həm də baxımlı oyunu ilə göz oxşamağa davam edir.
P.S “Sabah”la bağlı ötən yazımda bu komandanın sərgilədiyi oyundan bəhs edərkən hətta “Qarabağ”la matçdakı mümkün məğlubiyyətin belə bu mövsümkü əziyyətin üzərindən xətt çəkə bilməyəcəyini qeyd etmişdim.
“Sabah” “Qarabağ”la oyunda hətta hesabda geridə olduğu anlarda da sərgilədiyi futbolla, göstərdiyi mübarizə ilə məni haqlı çıxardı.
Xəlil Sadıq

