"Açığı, mən Azərbaycan Premyer Liqasının səviyyəsini belə təsəvvür etmirdim".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın yarımmüdafiəçisi Velko Simiç deyib.
Avqustdan bəri "bayquşlar"ın formasını geyinən serbiyalı legioner "səni yaxşı və ya pis mənada təəccübləndiyin nələrsə varmı" sualına cavabında bunları söyləyib:
"Çempionatın səviyyəsi düşündüyümdən və gözlədiyimdən çox yaxşıdır. Xüsusən komandaların fiziki hazırlığını qeyd edə bilərəm.
Bizim kimi bir neçə komanda var ki, hücum futbolu oynayır. Şəxsən futboldan və çempionatdan zövq alıram.
Burada asan oyun yoxdur. Hər dəfə meydanda sonadək mübarizə aparmalısan ki, qalib gələ biləsən".
Balkanlı müqavilə ilə "Sivasspor"a məxsusdur. Masazır təmsilçisi onu Türkiyə klubundan birillik icarəyə götürüb.
Simiç karyerası ərzində "Sivasspor"la yanaşı, Serbiyanın "Srvena Zvezda" (2012-2013, 2018-2021), "Zemun" (2018), "Voyvodina" (2021-2023), İsveçrənin "Bazel" (2013-2017), "Şaffhauzen" (2016), "Kyasso" (2016-2017), "Vintertur" (2017), Sloveniyanın "Domjale" (2014-2015) və Kiprin "Omoniya" (2023-2025) klublarında çıxış edib.
"Sabah"da 21 nömrəli formanı geyinən əcnəbi Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.

