“Sabah”ın qarşısını alan yoxdur.
Masazır təmsilçisi qaza necə basıbsa, qabağına çıxanı “şumlayır”.
Premyer Liqada 14 oyun keçirən Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv 1 dəfə uduzub, onda da “İmişli”ni qiymətləndirməməyin acısını çəkib.
Çempionatla kubok qarışıq son 4 matçda qələbələri sıralayan “Sabah”ın bu dəfəki çempionluq arzusunun çəkisi ağır olacaq. Yəni son turlara qədər “Qarabağ”la mübarizə aparacaq kimi görünür.
Dekabrın 18-də ilk dövrədən təxirə salınan görüşdə masazırlılar ağdamlıları uda bilsə, vəziyyət kökündən dəyişəcək, “Sabah”ın qış çempionu olmaq şansı yüksələsək. Amma...
“Amma”sı Dambrauskasın sərəncamındakı futbolçuların əksərinin zədədən əziyyət çəkməsidir.
Hazırda komandada ab-hava əladır, müəyyən futbolçular var ki, əsas heyətdə yerlərini bərkidib, digərləri də əvəzedici statusu ilə barışıblar. Meydana sonradan qoşulmaqla effekt verməyi bacarırlar. Yəni hələ ki, baş məşqçinin işi yağ kimi edir. Əlavə söz-söhbətlər başını ağrıtmır.
Bir də zədəlilərin sıraya qayıtdığı günü düşünün. Bilirsiz söhbət kimdən gedir? “Sabah”ın əvvəlki uğurlarında pay sahibi olmuş Cesse Sekidika, Boyan Letiç, Anatoli Nuriyev, Pavol Şafranko, Neqoş Kupusoviç, yay transferi Zineddin Uld Xaleddən.
Adları çəkilənlər qış fasiləsindən sonra tam sağalıb kollektiv məşqlərə qoşulsa, Dambrauskas nə edəcək? Qoçların başının bir qazanda qaynamasına şahidlik edəcək. Alınacaqmı?
Məsələn, Sekidikaya 19 yaşlı Maludanın ondan yaxşı oynadığını, dünən gələn Simiçin formada olduğunu deyib ehtiyatda oturmağa razı sala biləcəklər?
Yaxud, Letiçə Puxaçın ideal formada olduğunu izah etsələr, bosniyalı anlayış göstərəcək?
Şafranko ilə Nuriyev kimin yerinə oynayacaq?
İmkanlı klublarda məhz bu məqam ciddi problemlərə yol açır. Hazırda “Sabah” inanılmaz dərəcədə zəngin heyətə malikdir. Az qala iki bərabər səviyyəli “11-lik” düzəltmək olar.
Lakin “əjdaha” futbolçuları ehtiyatda oturmağa salmaq, ya da rotasiyaları düzgün etmək üçün baş məşqçi təcrübəyə və savad sahib olmalıdır. Əks halda dedi-qodular başlayır, narazılıq dalğası artır, bu da istər-istəməz komandanın oyununa mənfi təsir göstərir.
Dambrauskas ağır işin öhdəsindən gələcək?
Hər halda gözləyək.
HƏBİB / SPORTİNFO.AZ

