
“Sabah”ın yeni icarəyə götürdüyü Timoteuş Puxaç Sportinfo.az-a müsahibə verib.
26 yaşlı polşalı cinah müdafiəçisi Şamaxıda “Karvan-Yevlax” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra oyunla və digər maraqlı məqamlarla bağlı sualları cavablandırıb.
- “Sabah” bu meydanda çətinlik çəkir. Bu cür inamlı qələbə qazanacağınızı təxmin edirdin?
- Çox yaxşı oynadığımızı düşünürəm. Topa nəzarət etdik, 2 qol vurduq və bir neçə dəfə fərqlənməyə yaxın olduq. Qələbəyə görə sevincliyəm. Lakin Mikelsin zədələnməsi və xəstəxanaya aparılması əhvalımı korladı. Ona Allahdan şəfa diləyirəm. Belə görüşlərdə qalib gəlməyimiz xüsusi bir şey deyil. Sadəcə, işimizin bir hissəsini yerinə yetirməyə çalışırıq.
- Komandaya çempionatın gedişində qoşuldun. Özünü necə hiss edirsən? Tam uyğunlaşmısan?
- Maydan bu yana komandasız idim. Əvvəlki klubumdakı baş məşqçi məni komanda ilə məşq etməyə qoymurdu. Düzdür, fərdi məşqlər edirdim, lakin kollektivlə birlikdə olmaq çox vacibdir. Düzünü desəm, Azərbaycandakı ilk günlər bir az çətin idi. Uyğunlaşmaq üçün müəyyən zamana ehtiyac duyurdum. Lakin vaxt keçdikcə məşqçilər heyəti və komanda yoldaşlarımın köməkliyi sayəsində fiziki formamı və psixoloji hazırlığı yaxşılaşdırdım. İndi əvvəlki həftələrə nisbətən rahatam, lakin əla deyiləm. Bir neçə həftədən sonra arzuladığım kimi olacağıma ümid edirəm.
- Müdafiənin sol cinahında çıxış edın Boyal Letiç zədəlidir. Onun yoxluğunda əsas heyətdə yer alırsan. Letiç sıraya dönəndən sonra necə olacaq?
- Bu suala şərh vermək istəmirəm.
- Rəqabətə hazır olduğunu demək istəyirsən?
- Rəqabətsiz futbolu təsəvvür edə bilmirəm. Hər mövqedə rəqabətin olması normaldır. Tək Boyan deyil, Rəhman Daşdəmirov da sol cinah müdafiəçisidir. İqor Noqeyro zədəli olduğundan, Rəhman müdafiənin mərkəzində şans qazanır. İşim məşq etmək, komandama fayda verməkdir. Bu, hər zaman belə olub, bundan sonra da dəyişməyəcək.
- “Sabah”ın heyətində dörd oyun keçirmisən. Maraqlıdır, Azərbaycan Premyer Liqasını daha öncə necə təsəvvür edirdin və indiki düşüncələrin necədir?
- Düzünü desəm, heç bir təsəvvürüm yox idi. Çünki çempionatı izləmirdim, yaxından maraqlanmırdım. Artıq xeyli vaxtdır burdayam deyə, fikirlərimi çatdıra bilərəm.
- Buyur.
- Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Xüsusən iddialı komandaların sərgilədiyi futbol və ortaya qoyduqları intensivlik diqqətimi çəkməkdədir. Texnika baxımdan Türkiyə Super Liqasına bənzədirəm. Çünki orada da fərdi ustalıq baxımından keyfiyyətli futbolçular top qovur. “Qarabağ”ın həm də Çempionlar Liqasında mübarizə aparması digər komandaları həvəsləndirməyə bilməz. İki cəbhədə mübarizə aparmaq həqiqətən çətindir. Belədə Premyer Liqa klublarının iddiası artır. Eşitdiyimə görə, əvvəlki illərdə legionerlərə limit qoyulurmuş. Bu, axmaq bir şeydir. Limitsiz çempionat daha maraqlı və gərgin keçir, daha çox legioner gətirmək imkanı yaranır. Polşada da belədir, limit yoxdur. Onsuz da Azərbaycan millisi Avropanın top-komandalarından deyil. Heç olmasa Premyer Liqanın səviyyəsi artsın.
- “Qarabağ”da oynamış Yakub Jezniçakı tanıyırsan?
- Ad olaraq bəli, lakin şəxsi tanışlığımız yoxdur.
- “Sabah”a gəlişini və burada gördüklərini necə təsvir edə bilərsən?
- “Sabah”a transferim bir anda baş verdi. “Transfer pəncərə”si bağlanırdı və mən mən müqaviləyə imza atmalıydım. Polşada tibbi müayinədən keçən kimi Bakıya uçdum. Və burada gördüklərim məni məmnun etdi. Stadion, baza, işə peşəkar yanaşma – hər biri Avropa səviyyəsindədir. Komandamızın dominant futbol oynaması da xoşuma gəlir.
HƏBİB