Qorxulu an və ya əcnəbi şəxs azərbaycanlı hakimləri fakt qarşısında qoydu!

14:40 Sabah 218
Qorxulu an və ya əcnəbi şəxs azərbaycanlı hakimləri fakt qarşısında qoydu!

Son turlarda yaxşı təsir bağışlayan “Sabah”ın “Karvan”la oyundan da rahat qələbə ilə ayrılacağı gözlənilirdi.

Hadisələri qabaqlayaraq qeyd edək ki, belə də oldu. “Sabah” Yevlax klubu ilə Şamaxıda keçirilən matçda çox qan itirmədən qalib gəldi.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bu oyunda da ənənəvi 4-2-3-1 taktiki sxeminə üstünlük vermişdi. Heyətdə isə yalnız bir əvəzetmə var idi.

Zədə səbəbindən oyunu buraxan Pavol Şafranko Xəyal Əliyevlə əvəzlənmişdi. Belədə, hücumun sivri ucunda Coy Lens Mikels yer almışdı.

Xəyal isə Mikelsin mövqeyində çıxış edirdi.

Zədədən söz düşmüşkən, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas bu məsələni çox qabardıb, bunu bəhanə kimi göstərməsə də, komandanın kifayət qədər itkisi var - Aleksey İsayev, Zinəddin Uld Xaled, Cesse Sekidika, İqor Noqeyra, Neqoş Kupusoviç, Boyan Letiç və Pavol Şafranko kimi futbolçular, zədə səbəbindən "Sabah"a kömək edə bilmirlər. Az deyil...

Amma buna rəğmən, Dambrauskas meydana optimal heyət buraxmağa nail olur. Üstəlik bu heyət meydanda zədələlərin boşluğunu hiss etdirmir ki, buna görə də litvalı mütəxəssisə əhsən düşür.

“Sabah” oyunun 18-ci dəqiqəsində hesabı açsa da, VAR-ın “ofsayd müdaxiləsi” ilə qol ləğv edildi. Tezliklə VAR yenidən oyuna müdaxilə etdi.

Bu dəfə “Sabah”ın lehinə. Belə ki, VAR hakimləri Velko Simiçin zərbəsindən sonra “Karvan”ın müdafiəçisinin əllə oyununu diqqətdən qaçırmadı.

“Sabah”ın bombardiri Mikels penaltini dəqiq yerinə yetirdi. Bir neçə dəqiqə sonra isə Kahim Parrisin qapı önünə asması qolla nəticələndi.

Həmin anda yamaykalı futbolçunun niyyətindən asılı olmayaraq, qol həqiqətən möhtəşəm alındı.

İkinci hissə də eyni ssenari ilə davam etdi. “Karvan” “Sabah”ın qapısı önündə nəinki təhlükə yaratmaq, ümumiyyətlə yaxın düşə bilmirdi.

Əvəzində, Mikels təkbətək epizoddan yararlanmayaraq matçda dubl etmək imkanını əldən verdi. “Karvan”ın da son dəqiqələrdə qol epizodu oldu. Lakin yaxın məsafədən zərbbə qapı dirəyindən qayıtdı.

Oyunda əsas diqqətçəkən məqam isə son dəqiqələrdə yaşandı. “Karvan”ın qapıçısı Kamran İbrahimov və Mikelsin toqquşması nəticəsində almaniyalı hücumçu yerdə qaldı.

Hakim qaydanı Mikelsin pozduğunu qeydə alsa da, yerdə vurnuxan vingerin qışqırığı bütün stadionu bürümüşdü. Tezliklə, vəziyyətin çox ciddi olduğu üzə çıxdı.

Belə ki, Kamran topa çıxan zaman Mikelsin belinə dizi ilə zərbvə endirmişdi. Mikels stadionu təcili tibbi yardım maşını ilə tərk etdi. Oyun bərpa olduqdan bir neçə saniyə sonra isə matçın baş hakimi Tural Qurbanov final fitini səsləndirdi.

“Sabah” oyundan 3 xalla ayrılsa da, Mikelsi itirməyin üzüntüsü və futbolçunun vəziyyəti ilə bağlı narahatlıq bu qələbəni sanki kölgədə qoymuşdu.

Sonradan klubdan edilən açıqlamada almaniyalı hücumçunun vəziyyətinin yaxşı olduğu, onun sağlamlığı ilə bağlı ciddi problemin olmadığı bildirildi ki, bu da Mikels sevənlərin ürəyinə su səpdi.

Matçdan sonra daha bir maraqlı an “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın yenidən “Sumqayıt”la qalmaqallı oyuna qayıtması oldu.

Belə ki, jurnalistin onun etirazlarına rəğmən Hakimlər Komitəsinin sədri Frank De Blekerin həmin matçda hakimlərin bütün qərarlarını, xüsusilə sayılmayan iki qolla bağlı qərarların doğru olması ilə bağlı açıqlaması ilə bağlı sualına belə cavab verdi:

“De Blekere həqiqətən hakimlərin "Sumqayıt"la görüşdəki bütün qərarlarının doğru olduğunu deyib? Hər kəsin öz rəyi var. Hər rəyə, hər fikrə hörmət etməliyik. Mən də onun fikrinə hörmət edirəm.

Onunla bu barədə nəsə mübahisə etmirəm. Amma mən TOP səviyyədə olan, Çempionlar Liqasında, Avropa Liqasında işləmiş hakimlərlə danışdıqdan sonra deyə bilərəm ki, əsasən "Sumqayıt"la görüşdə vurduğumuz 2-ci qolda qətiyyən düzgün qərar verilmədi.

İlboyu belə hallar baş verəcək, bu qərarlar davam etdiriləcək? Son dəqiqələrdə ləğv edilməyən qərarımıza gəldikdə, VAR verdiyin qərarını dəstəkləməlidir.

Mən orada əl görmədim. Bilirsiz, biz sanki qaranlıq otaqda qara pişik axtarırdıq. TV-dən baxanda belə, görürsən ki, əl görünmür, sübut yoxdur”.

Litvalı mütəxəssis doğrudan narazılığında haqlıdır. Bunun başqa bir nümunəsini “Zirə” – “Neftçi” oyununda gördük.

Hakimlər epizodun penalti olub-olmamasını təyin etmək üçün uzun-uzadı görüntülərə baxdılar. Sonda qəbul edilən qərar isə “Neftçi” tərəfinin kəskin narazılığı ilə qarşılandı.

Qayda pozuntusunun olub-olmaması isə dəqiq olan görüntülər əsasında müəyyən edilməlidir. Yoxsa ki, açıq olmayan görüntüdən hansısa qərarın verilməsi Dambrauskas demiş, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyər.

Görünən odur ki, azərbaycanlı VAR hakimləri bu şakərindən əl çəkmək istəmir. Bu isə gələcəkdə başqa oyunlarda da ciddi narazılıqlara səbəb ola bilər.

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti