
"Sabah"ın üzvü Con Ley Mikels Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Çelye" ilə ilk matçı (2:3) haqda Sportinfo.az-a açıqlama verib.
O, ilk olaraq qarşılaşma barədə düşüncələrini bölüşüb:
"Çətin oyun idi, topa bu qədər nəzarət edən komandaya qarşı oynamaq doğrudan da ağır oldu.
Erkən qol vurmaq həmişə oyunu asanlaşdırır – bu zaman artıq öz oyununa fokuslana bilirsən.
Belədə “Çelye” qol vurmaq üçün daha hücumameyilli oynamaq və risk etmək məcburiyyətində qaldı. Biz isə əks-hücum futbolu oynayıb onların bizə verdiyi boşluqlardan istifadə edə bildik.
Biz oyunu nəzarətə götürmək istəyirdik, lakin oyunun əvvəlində erkən hesab üstünlüyü bəzən belə sonluq yaradır".
Komandanın lideri ilk hissədəki bu cür oyunu ikinci yarıya daşıya bilməməyin səbəbini isə bu cür izah edib:
"Hədəfimiz ikinci hissəyə nəzarətlə başlamaq, öz üslubumuzda oynamaq, topa sahib olub rəqibi qaçmağa məcbur etmək, onların sonuncu müdafiə xəttinin arxasına keçib qol imkanları yaratmaq idi.
Təəssüf ki, ikinci hissənin əvvəlində buraxdığımız qol işimizi daha da çətinləşdirdi və oyuna istədiyimiz kimi daxil ola bilmədik".
XANOĞLAN