
“Sabah” – “Çelye” oyunu bolqollu və maraqlı alındı.
“Sabah” cari avrokubok mövsümünə məğlubiyyətlə başlasa da, stadionda olan ab-hava möhtəşəm atmosfer yaratmışdı.
“Sabah”ın xüsusilə ilk hissədə sərgilədiyi futbol gələcək üçün ümid verirdi.
Amma oyundan sonra “Çelye”nin baş məşqçisi Albert Rieranın oyundan sonra mətbuat konfransında səsləndirdiyi fikirlər bəlkə də bütün bunları kölgədə qoydu.
İspaniyalı mütəxəssis matçdan sonra hakimlərə qarşı çox əsəbi görünürdü. Əsas narazılıq isə hakimlərin “Sabah”la “Çelye”nin meydana oxşar formalarda çıxmasına icazə verməsi idi.
O, mətbuat konfransında “Çelye”nin narıncı rəngdə olan səfər formasında oynamaq istədiyini, lakin hakimlərin buna icazə vermədiyini bildirdi.
Ancaq onların buna icazə verməməsinin əsas səbəbi hakimlərin özünün bu rəngdə geyinməsi, oyuna əlavə forma gətirməməsi idi.
Belə deyək, qazaxıstanlı hakimlər bir növ öz ayıblarını hər iki komandanı çətin vəziyyətə salmaqla sığortalamağa çalışıblar.
Lakin bu qərar ispan məşqçidə fərqli bir fikir yaradıb ki, oyundan sonra hətta Azərbaycanla Qazaxıstan arasında olan etnik yaxınlığı əsas gətirərək, matça bu ölkədən olan hakimlərin təyin edilməsinə narazılıq bildirdi.
Lakin “Çelye”nin baş məşqçisi bir şeyi nəzərə almalıdır - oyunda olan mənzərə, çətinlik hər iki komanda üçün keçərli idi. Formalar oxşardırsa, bundan təkcə sloveniyalılar yox, elə “Sabah” özü də əziyyət çəkirdi.
Komandanın buraxdığı iki qola nəzər yetirsək, futbolçuların süni ofsayd yarada bilməməsində bəlkə də forma bənzərliyini əsas götürmək olar.
P.S Yeri gəlmişkən, bu komandalar arasında cavab oyununu sloveniyalılar kimi slavyan olan bolqarıstanlı hakimlər briqadası idarə edəcək. İndi buna kim etiraz eləsin?
ELNUR