“Sabah"ın iddiası məni cəlb etdi ki, Azərbaycana gəldim” - VİDEO

02:50 Sabah 98
“Sabah"ın iddiası məni cəlb etdi ki, Azərbaycana gəldim” - VİDEO

"Şadam ki, oyunöncəsi mətbuat konfransında bu qədər insan görürəm.

Avropada bu cür oyunlar çox önəmli və həyəcanlı olur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Çelye" klubu ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Litvalı mütəxəssis iyulun 10-da Bakıda keçiriləcək oyunla bağlı deyib ki, çətin rəqiblə qarşılaşacaqlar: "Rəqibin böyük təcrübəsi var. Keçən mövsüm çox sürprizlər ediblər. Bilirik ki, "Çelye" ötən mövsüm Konfrans Liqasında irəliləyib. Çox güclü rəqibdir. Amma məşqçilər korpusu, klub olaraq bu oyunu böyük səbirsizliklə gözləyirik. Əlimizdən gələni edəcəyik. Bütün azarkeşlərimizi stadiona dəvət edirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Çalışacağıq ki, ilk oyun üçün yaxşı nəticə əldə edək. Bu tip oyunlarda xırda detallar çox şeyi həll edir. Rəqibi analiz edirik. Onlar keçən illə müqayisədə 5-6 önənli oyunçusunu itirib. Sadəcə 1 yoldaşlıq görüşü keçiriblər. Onların nəyə qadir olduğunu demək hələ çətindir. Bizim üçün müsbətdir. Bu dönəmdə bütün komandalar bərabər səviyyədə olur, komandaların oyun təcrübəsi olmur. Komandamı toplanışda gördüm, uşaqlar çox istəklidirlər. Mənim üçün ən əsası bunlardır. Belə davam etsək, inanaraq işləsək, uğurlu nəticələr olacaq".

"Sabah"ın yeni baş məşqçisi Azərbaycana gəlişi ilə bağlı danışıb: "Belə vəziyyətlərdə çox tez qərar verirsən. "Sabah" təklif göndərəndə, başqa klubla müqaviləm var idi. "Sabah"ın çox iddialı olması qərarıma təsir etdi. Bilirəm ki, klub 8 ildir yaranıb. Çox uğurlar əldə ediblər. Ötən mövsüm kuboku qazanıblar. Klubun iddiası məni cəlb etdi ki, bura gəldim. İnanıram ki, 4-cü gün uğurlu çıxışla irəli addım atacağıq".

Baş məşqçi hücum futboluna üstünlük verdiyini də deyib: "Öz komandamda potensialı görürəm. Komandamız hərəkətli, aktiv, modern oyun oynayır. Həmişə çalışıram ki, meydanda dominant tərəf biz olaq. Məşqçi kimi hücum futbolu oynatmağı sevən biriyəm. Çox istəyirəm ki, komandam 1 qoldan sonra 2-ci qolu vurmaq istəsin".

Valdas Dambrauskas "Sabah"da nəyi dəyişmək istəyərdiniz" sualını da cavablandırıb: "Biz hər şeyin fərqindəyik. Keçən il birinci yerdəki komanda ilə xal fərqimiz 41 olub. Addım-addım böyümək istəyirik. Fərqi yavaş-yavaş aradan qaldırmağa çalışırıq. İki həftə ərzində çox pozitiv şeylər gördüm. Uşaqlara deyirəm ki, qorxamadan oynasınlar, səhv etməkdən qorxmasınlar. Onlara demişəm ki, səhvə görə onları danlamayacam. Sadəcə reaksiyaları düzgün verməliyik. Oyunçular arasında münasibət də önəmlidir. Eyni cinahda oynayan futbolçuların bir-birini başa düşməsi çox önəmlidir. Bütün komponentləri birləşdirmək lazımdır. Məşqdən-məşqə inkişaf etməyi, artırmağı sevən məşqçiyəm. Hər şeyə addım-addım getməliyik".

Valdas Dambrauskas Azərbaycan millisinin qapıçısı Yusif İmanovun UEFA-nın sifariş ərizəsinə daxil edilməməsi ilə bağlı isə deyib: "Bu qərar mənim komanda ilə işləməyimdən öncə verilmişdi. Bu barədə nəsə şərh verə bilmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?