“Azərbaycanda tanınmamış, amma keyfiyyətli oyunçular var”

14:20 Sabah 264
“Azərbaycanda tanınmamış, amma keyfiyyətli oyunçular var”

“Sabah”ın braziliyalı müdafiəçisi İqor Noqeyra ölkəsinin “Lance” nəşrinə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı "sambaçı" Azərbaycan klubuna keçidindən tutmuş, gələcək hədəflərinə qədər bir çox məqama toxunub.

Noqeyra növbəti mövsüm “Sabah”la daha böyük uğurlar hədəflədiklərini söyləyib.

– Ötən il “Sabah”a keçidiniz hansı amil əsas rol oynamışdı?

– Bu fürsət əvvəlki illərdə də yaranmışdı. “Sabah” mənimlə maraqlanırdı. Klub inkişaf edirdi, layihə böyüyürdü və bu dəfə qəbul etdim. Çünki onların mənə dəyər verdiyini hiss etdim. Bu illər ərzində klub xeyli inkişaf edib. Bir futbolçunun yüksək səviyyədə çıxış etməsi üçün lazım olan bütün şəraiti təmin edir.

– İlk ilinizdə Azərbaycan Kubokunu qazandınız. Bu titulu əvvəlki uğurlarınızla, məsələn, “Gent”lə qazanılan Belçika çempionluğu ilə müqayisə edə bilərsiniz?

– Bu, unikal hissdir. Karyeramda ilk dəfədir ki, hansısa klubun tarixində ilk titulu qazanıram və bu, çox xüsusi idi. Üstəlik, klubu ilk dəfə Avropa Liqasına daşımağımız da böyük məna kəsb edir. Ona görə də bu qələbənin mənim üçün digər titullardan çox fərqli mənası var.

– “Sabah”la müqaviləniz gələn ilin yayına qədərdir. Yenidən Braziliyaya qayıtmaq fikriniz var?

– Avropada oynamaq mənə çox yaxşı təsir edir, xaricə tam uyğunlaşmışam. Amma təbii ki, Braziliyadan yaxşı layihə olsa, mütləq diqqətlə dinləyəcəyəm. Axı Braziliya çempionatı dünyanın ən yaxşı turnirlərindən biridir. Mən də futbol dünyasında məhz orada tanındım.

– Azərbaycan çempionatının səviyyəsi sizi qane edir?

– Azərbaycan futbol baxımından inkişaf edən ölkədir. Daim irəliləməyə çalışır və liqa rəqabətlidir. Bəzi özəllikləri var, necə ki, hər liqanın olur. Bura oynamaq üçün əlverişlidir. Braziliya və Avropanın bəzi ölkələri ilə müqayisə etmək hələ tezdir. Çünki orada futbol artıq tam oturuşub. Amma burada daim inkişaf var və getdikcə daha keyfiyyətli futbol təklif etməyə çalışırıq.

– Azərbaycan çempionatındakı braziliyalı futbolçular barədə düşüncələriniz necədir?

– Əminliklə deyə bilərəm ki, Braziliya klubları Azərbaycan çempionatına daha çox diqqət yetirməlidir. Burada Braziliyada tanınmamış, amma keyfiyyətli oyunçular var. Liqa getdikcə inkişaf edir və yeni mövsümdə daha çox legionerə start heyətində oynamağa icazə veriləcək. Bu isə liqanın səviyyəsini və dinamikasını xeyli artıracaq. Şübhəsiz ki, digər ölkələrin də diqqətini cəlb edəcək.

– Növbəti mövsümlə bağlı hədəfləriniz nələrdir?

– Yenə də çətin mövsüm olacaq, çünki kuboku qazandıqdan sonra digər klublar bizi məğlub etmək istəyəcək. Bəzi əsas oyunçular klubdan ayrılıb, yeni baş məşqçi gəlib. Bu da müəyyən səbr və uyğunlaşma tələb edir. Amma artıq titulun nə olduğunu hiss etdik. Bu hədəfi qoruyaraq irəliləmək istəyirik.

Digər Xəbərlər
Xəbər Lenti