
Nəhayət, Avropa Liqasında ölkəmizi “Sabah"ın yeni baş məşqçisi müəyyənləşdi.
Litvalı mütəxəssis Valdas Dambrauskas "tələblər"i uğura daşımağı üzərinə götürdü.
Onunla 3 illik müqavilə bağlanıb.
İndidən Dambrauskasın çətin yükün altına girdiyini deyə bilərik.
Çünki ilk sınaq qapıdadır.
Növbəti ayın 10-u kollektiv avrokuboklarda mübarizəyə başlayacaq.
Deməli, vur-tut arada cəmi 18 gün vaxt var. İki həftədən bir qədər artıq.
Yeni çalışdırıcı qısa müddətdə komandanı tanımalı, öz oyun sistemini aşılamalı və ən vacibi rəqibi ciddi analiz etməlidir.
Belədə iki məqam "tələblər"in dadına çata bilər.
Birincisi futbolçuların peşəkarlığı. Ölkə Kubokunun finalından sonrakı 26 gündə oyunçular gününü ancaq qələbəni dadını çıxarmaqla yox, idman formalarını saxlamaq barədə də düşünüblərsə, sloveniyalar önündə iş nisbətən asanlaşacaq.
Digəri də litvalı mütəxəssisin zəngin təcrübəsi.
48 yaşlı çalışdırıcı xüsusilə son illər ciddi uğurlar əldə edə bilib.
Adında fərqli ölkələrdə qazanılan çempionuluqlar, kuboklar var.
Qısa müddətdə vətəndən kənarda Xorvatiya, Bolqarıstan, Kipr və Latviyada çalışması da müsbət məqamdır.
Deməli, müxtəlif ünvanlara adaptasiya olmaq problemi yoxdur.
Bir sözlə, "Sabah"ın avrokuboklara hazırlıq planı (zaman olaraq) çox narahatedicidir, amma ümidverici məqamlar da yox deyil.
XANOĞLAN İMANOV