COP29

Premyer Liqa komandasını yaxalayan BÖYÜK BƏLA!

29 Oktyabr 21:00 Sabah 668
Premyer Liqa komandasını yaxalayan BÖYÜK BƏLA!

"Sabah" arxada qalan 11 turda 2 məğlubiyyət alıb.

İlk baxışdan yaxşı nəticə sayıla bilər.

Amma turnir cədvəli tam başqa mətləbdən xəbər verir.

Renduliçin kollektivi aktivindəki 17 xalla 5-ci pillədə lövbər salıb.

Səbəb yersiz bərabərliklərdir. "Tələblər" nə az, nə çox 5 qarşılaşmada xalları yarı bölməyə razılaşıb.

Bu göstəricidə komanda yalnız "Neftçi"dən (6 bərabərlik) geri qalır.

Ən böyük bəla ondadır ki, əksəriyyətində də meydanın ən yaxşısı Masazır təmsilçisi olub.

Elə "Neftçi" ilə sonuncu matça baxası olsaq, 90 dəqiqə üstün tərəf "Sabah" idi. Komanda qələbə üçün hətta penal vurmaq hüququnu belə layiqincə qiymətləndirə bilmədi.

Səbəbini ehtiyatlı oyunda görmək ədalətli olmaz. Çempionatın ən rəngarəng futbolunu oynayan, daha çox hücumda olan 2-3 klubdan biri "Sabah"dır. Bəlkə də "Qarabağ"dan sonra ikincidir.

Amma məsuliyyətsizlik və arxayınlıqdan danışsaq yerinə düşər.

"Şamaxı" üzərində 2:0-lıq, "Zirə" və "Araz Naxçıvan" üzərində 1:0-lıq üstünlüyü əldən verib, sonda 1 xala razılaşmağa nə ad verəsən?

Hələ "Turan Tovuz"la matçda iki dəfə hesabda önə çıxıb, sonda bərabərliyə sevinməyi demirəm.

Yəni hansısa oyunda "Sabah" hesabda geri düşüb, ardınca geridönüş edərək 1 xala sevinən tərəf olmayıb.

Birqayda olaraq əldə etdiyi üstünlüyü sonda itirməyin acısını çəkib.

Xorvatiyalı bu məqamın üzərində ciddi götür-qoy etməlidir. Bu gün sel kimi axıb gedən xallara görə, sonda başını tutmasın, dizlərinə döyməsin deyə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi