"Futbolçularımı təbrik edirəm. Çox yaxşı, keyfiyyətli futbol sərgilədilər. Əfsuslar olsun ki, bir səhvə görə qol buraxdıq. Ondan 10-15 dəqiqə sonra o qədər də yaxşı deyildik. Bu da normaldır. Çünki səhvlərdən sonra özünəinamı itirirsən. Qol epizodlarımız var idi, bəzilərini reallaşdıra bilmədik. İkinci hissədə təzyiqi artırdıq Bəzi hissələrdə daha yaxşı oynaya bilərdik. Qələbəyə layiq idik. Çünki “Sumqayıt” qapıya cəmi 1-2 zərbə endirdi".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 4-cü turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Komandanın potensialı budur, yoxsa daha artığını edə bilərsiz?
- Əminliklə deyə bilərəm ki, daha çoxunu etməyi bacararıq. Amma bunun üçün addım-addım irəliləmək lazımdır. Bəzi oyunçularımız 100 faiz hazır deyil. Komandada futbolçular var ki, daha çox iş görə bilərlər.
- “Sent-Patriks” səddini keçə bilmədikdən sonra komanda iki oyundur qalib gəlir. Oyunçuları psixoloji olaraq hazırlamaq çətin deyildi?
- Əfsuslar olsun ki, uduzduq. Amma “Sent-Patriks” jurnalistlərin dediyi qədər də pis komanda deyildi. Hər iki oyunu azlıqda oynadıq. “Başakşəhər” bu komandaya 11 nəfərlə qalib gələ bilmədi. Hər şey büdcə ilə ölçülmür.
- “Turan Tovuz” “Qarabağ”ı məğlub etdikdən sonra sizin də motivasiyasınız yüksəlib?
- Həmişə demişəm ki, məğlub edilməyəcək komanda yoxdur. “Turan Tovuz”la oyun göstərdi ki, “Qarabağ” da uduzur. Onlar üçün də həm daxili çempionatda, həm də avrokubokda oynamaq asan deyil. “Turan Tovuz” qələbə layiq idi.