COP29

Xorvatiyalının "Qarabağ" önündə uğurla sonlanan İLK MƏHARƏTİ

16 Aprel 22:20 Sabah 1 505
Xorvatiyalının "Qarabağ" önündə uğurla sonlanan İLK MƏHARƏTİ

Premyer Liqanın 30-cu turuna Masazırda yekun vuruldu.

Bitməsini istəmədiyimiz “Sabah” – “Qarabağ” matçı ilə.

Başa qayıdaq...

Oyunun sönük gedəcəyi ehtimal olunurdu. Qonaqlar çempionluğu bir neçə tur əvvəl təmin etdiyindən motivasiyaları o deyildi. “Sabah” isə son iki turdakı məğlubiyyəti ilə formasından çox uzaqda olmasını göstərmişdi.

Belədə azarkeşlərin də qarşılaşmaya etinasız yanaşacağını düşünmək məntiqli idi.

İlk təəccüb...

“Bank Respublika Arena”ya çatanda artıq yuxarıdakı proqnozların doğrulmadığını sezmək olardı. Arena ətrafında şəxsi maşınları saxlamaq üçün boş yer tapmaq mümkünsüz idi. Hətta bir neçə kilometr aralıdakı binaların həyətinə qədər sıxlığı görmək olardı.

Arenanın giriş qapılarında da oxşar sıxlıq vardı. Biletini alan tamaşaçılar maraqlı oyun ümidilə növbəyə düzülmüşdülər.

Növbə mədəniyyətində insanlar qədər klubun mühafizə xidmətinin rolunu da qeyd etməmək olmaz.

Həqiqətən, xoş mənzərə vardı. Kimisi övladı, kimisi ailəsi, kimisi də dostları ilə arenanın yolunu tutmuşdu.

Məncə, ayırdıqları zamana, xərclədikləri bilet haqqına görə zərrə peşman olmadılar.

Axı bir azarkeşin arzulayacağı hər şey həmin gün “Bank Respublika Arena”da vardı.

Əla hava, dolu tribunlar önündə baxımlı futbol.

Əslində “Qarabağ”ın 7-ci dəqiqədəki erkən qolu “Sabah” azarkeşləri kimi, neytral tamaşaçıları da uzmüş oldu. Növbəti qollar oyunun müqəddəratını tez həll edə, qarşılaşmanın marağını azalda bilərdi.

Amma “Sabah”ın buna imkan vermək fikri yox idi. Renduliçin yetirmələri meydanın hər santımetri uğurunda amansız mübarizə aparır, təslim olmaq barədə düşünmürdülər.

Yəqin ki, oyundan əvvəl mərkəz xəttində kapitanın başına yığılan futbolçular özlərinə qələbə vədi veriblərmiş.

Sonda həmin vədlərinə xilaf çıxmadılar.

Öncə Amil Seydiyev cəmi 9 dəqiqə sonra səhnəyə çıxaraq bərabərlik qolunu vurdu. Hissənin sonlarına yaxın isə “tələbələr” hesabda önə çıxdılar. Məhz bu hücumda Renduliçin “Qarabağ”a qarşı necə hazırlaşması özünü tam əks etdirirdi. “Sabah” öz cərimə meydançasında ələ keçirdiyi topu cəmi 4 ötürmədən sonra “Qarabağ”ın qapısından keçirdi.

Elvin Camalovun cəldliyi, Sekidikanın orta xətdə sürətli reydi, Belfodilin fərdi ustalığı sonrası 3 rəqibdən sıyrılıb verdiyi ötürməyə Sekidika ayaq qoymaqla komandasını önə keçirdi. Qarşılaşmadan sonra xorvatiyalı mütəxəssis "komandam fantastik oynadı" deməklə bu kimi epizodları nəzərdə tuturdu.

Çünki 90 dəqiqə ərzində Masazır təmsilçisi “Qarabağ”ı belə əks-hücumlarda bir neçə dəfə yaxalamağı bacardı. Sadəcə Kahim Parris, Sekidika, David Volkov və Belfodilin top qəbulundakı qüsurları həmin hücumların sürətinə ciddi təsir edirdi. Elə müdafiəçilər də arxa zonadan top çıxarmaqda zaman-zaman səriştəsizlik göstərirdi. Dəfələrlə ələ keçirilən toplar elə birinci ötürmədəcə rəqibə qayıdırdı. Təbii ki, bunda “Qarabağ”dakı usta futbolçuların düzgün pressinqi, yerləşməsi, mövqe seçimi də rol oynayırdı.

Lakin seçilən taktika ən doğrusu idi. Çünki Qurban Qurbanovun komandasına qarşı tam açıq futbol oynamaq özünə qəsddən başqa bir şey deyildir. Bunu ölkəmizə yeni gəlməsinə baxmayaraq Renduliç də yaxşı başa düşürdü.

90 dəqiqə oyun planında sadiq qalan “Sabah” 55-ci dəqiqədə növbəti baxımlı hücumu qolla tamamaladı. Və sanki ikinci qolun oxşarına tamaşa etdik.

İkinci qol sürətli əks-hücum sonrası 4 ötürmə ilə qolla tamamlanmışdısa, 3-cü qolda duran topdan başlayan hücum 4 ötürmə sonrası qolla tamamlandı. Sadəcə icraçılarda dəyişiklik vardı. Budəfə Çakla ötürdü, Belfodil başla endirdi, Kahim Parris topu qəbul edib, Elvin Cəfərquliyevi əla fintlə arxada qoyara cərimə meydançasında ötürdüyü topu Tellür Mütəllimov iki toxunuşla qapıdan keçirdi.

Nəriman Axundzadə oyuna girər-girməz ilk toxunuşdaca hesabı 3:2 etməklə komandasına ümid verdi.

Amma bu, ümiddən o yana keçməyincə, "Qarabağ"ın 18 oyunluq məğlubiyyətsiz seriyası bitdi, “Sabah” isə qızıl dəyərində 3 xalı aktivinə yazdırmış oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti