"Günah özümüzdədir - Mən digərlərinin yerinə cavab verə bilmərəm"

16 Yanvar 2022 02:20 Sabah 673
"Günah özümüzdədir - Mən digərlərinin yerinə cavab verə bilmərəm"

Yayda heyətinə cəlb etdiyi futbolçularla diqqət çəkən "Sabah” Premyer Liqada cari mövsümə yaxşı başlamadı.

Ardıcıl uğursuzluqlar yaşayan komanda yalnız əvvəlki baş məşqçi Ramin Quliyevin postunu tərk etməsindən və Murad Musayevin gəlişindən sonra bir qədər toparlanmağa başladı.

Deməli, qış fasiləsindən sonra daha sabit çıxış edən və iddialı "Sabah” görə bilərik.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun və millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadə qaynarinfo-ya müsahibəsində komandanın fasiləyəqədərki çıxışını dəyərləndirib. O yığmamızla bağlı bəzi suallara da cavab verib:

- "Sabah”ın fasiləyəqədərki çıxışını necə dəyərləndirirsiniz?

- Yayda keçdiyimiz təlim-məşq toplanışı, hər şey qaydasında və əla idi. Toplanışı Gürcüstanda keçdik, yoldaşlıq görüşlərimiz oldu. Çempionata da yaxşı başlayacağımızı gözləyirdik. Ancaq gözlədiyimiz kimi olmadı, məğlubiyyətlərlə başladıq. Oyunçular yeni olduğu, uyğunlaşma prosesi getdiyi üçün bir neçə məğlubiyyətdən sonra çətinlik yarandı. Hamı bilir, yaxşı başlamadıq. Ancaq oyun baxımından heç kimdən geri qalmırdıq. İzləyənlər də şahid idi. Bəzi oyunlar var ki, 90 dəqiqənin 80-də təkqapı oynayırdıq, ancaq sona yaxın bir qol buraxıb məğlub olurduq. Şükür Allaha ikinci dövrənin başlanğıcından özümüzə gəldik. Xallar toplaya bildik. Birinci dövrədə itirdiyimiz xallara görə bir qədər aşağıdayıq. Daha yaxşı yerlərdə ola bilərdik. Oyunçularımız yeni idi, uyğunlaşma prosesi keçdi, indi hər şey qaydasındadır. Ümid edirəm ki, üçüncü dövrədən etibarən hər şey daha yüksək səviyyədə olacaq.

- Komandanın qeyri-sabit çıxışını nə ilə əlaqələndirmək olar?

- Düşünürəm ki, uyğunlaşma prosesi ilə bağlıdır. "Qarabağ” istisna, oyunumuza görə rəqiblərin çoxundan geri qalmırdıq. Həmin matçda zəif çıxış etmişdik. Digərlərinin isə, demək olar, hamısını üstün keçirirdik. Hətta "Neftçi” ilə matçın ikinci hissəsində belə tamamilə üstün oynadıq. Sadəcə, nəticələr ürəkaçan deyildi. Bu da zaman tələb edir. Elə komanda var, "Qarabağ” kimi 7-8 il birlikdə oynayırlar, vərdiş edirlər, bir-birilərini tanıyırlar. Bizim kollektiv yeni olduğuna görə çempionatın əvvəlində xal itkiləri ilə üzləşdik.

- Komanda baş məşqçi dəyişikliyindən sonra toparlandı və daha yaxşı oynamağa başladı. Ramin Quliyevin rəhbərliyi altındakı "Sabah”ın uğursuz olmasının səbəbləri haqda fikirləriniz necədir?

- Bu haqda geniş danışmaq istəmirəm. Deyə bilmərəm ki, sırf məşqçi gələndən sonra hər şey 180 dərəcə dəyişdi. Təbii, yeni məşqçi gələndən sonra müsbətə doğru irəliləyiş var. Sırf məşqçi dəyişikliyi ilə bağlı məsələdir desəm, yalan olar.

- Kənardan görünən odur ki, Quliyev komandanı düzgün taktiki sxemdə oynada bilmirdi. Hətta bizdə olan məlumata görə, bəzi futbolçular ondan narazılıq edirdi...

- Bu haqda heç nə demək istəməzdim. Belə hallar olmayıb. Ramin Quliyev gözəl insan və məşqçi idi. Nəicələr belə alınıb deyə, hər şeyi onun üstünə atmaq olmaz. Biz də futbolçuyuq, səhv ediriksə, o demək deyil ki, baş məşqçi günahkardır. Futbolçuların da səhvləri olub.

- Yeri gəlmişkən, Murad Musayevin taktikası oyun fəlsəfəsi haqda fikirləriniz necədir? Fərqlilik nədən ibarətdir?

- Avropa futboluna daha yaxın taktikası var. Dinamik hücum futbolu oynatmağı, ön xətdə pressinqi xoşlayır. Həm də istəkli məşqçidir. Hər şey qaydasındadır, ümid edirəm ki, ikinci dövrədə daha yaxşı olacaq. Takika baxımından çox dərinə getmək istəməzdim. Komandanın əvvəlki oyun üslubu ilə yeni məşqçinin düşüncələri üst-üstə düşdüyünüə görə daha uğurlu olduğunu düşünürəm. Əvvəl də hücumameyilli oyun göstərirdik. Oyunlarımızı analiz etsəz, görərsiniz ki, təkcə "Qarabağ”la matçda zəif iştirak etdik. Səhv etmirəmsə, 27-ci dəqiqədə qırmızı vərəqə almışdıq. Amma sona qədər mübarizə aparmışdıq. Sadəcə, üstünlük "Qarabağ”da idi. Digər oyunlarda rəqiblərdən üstün olmuşduq. Əsas məsələ nəticədir. Xallar itirdik.

- Cari mövsümün sonunda hansı pilləni hədəfləmisiniz? Ümid nəyədir?

- Minimum hədəf avrokuboklardır. Nə qədər yüksəyə iddia etsək, o qədər yaxşıdır. Hətta "Qarabağ”a qarşı da oynamaq olar. İkinci yer üçün oynamaq mümkündür. Komanda şəklində birləşmək və hədəfə doğru irəliləmək lazımdır.

- Millimizin üzvü kimi, ötən tsikldəki çıxışımız haqda nə fikirləşirsiniz?

- Mən oyunlarda o qədər də çox iştirak etməmişəm. Çatışmazlıqları məşqçilər analiz edir. Meydanda mübarizə, taktika, bunlar hamısı məşqçilərin deyəcəyi məsələdir. Bizim işimiz meydana çıxıb onun dediklərini icra etməkdir. 22 oyunçunun hərəsi bir dəfə analiz etsə, aləm dəyəcək bir-birinə.

- 1-dən çox xal toplamaq üçün imkan vardı?

- Təbii ki, həyatda mümkünsüz heç nə yoxdur. Təkcə ölümə çarə yoxdur. Bilirsiniz ki, futbolda çox ölkələrdən geri qalırıq.

- Portuqaliyanı nəzərə almasaq, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsindəki qrupdakı rəqiblərdən nədən geri qalırdıq?

- Ustalıq səviyyəsi... Bu cəhətdən Avropa ölkələrinə uduzuruq. Təbii ki, istər-istəməz fiziki baxımdan da geriqalmalar var. Fiziki durumu düzəltmək asandır. Digər məsələlər bir qədər çətindir. Uşaq futbolunu inkişaf etdirmək üçün vaxt lazımdır. Günah özümüzdədir. Onu kənarda axtarsaq, heç vaxt inkşaf etməyəcəyik.

- Millətlər Liqasındakı qrupumuz haqda nə düşünürsünüz? Nəyə nail ola bilərik?

- Meydana mübarizə aparmaq və qələbə qazanmaq üçün çıxmalısan. Məğlubiyyət üçün meydana çıxırsansa, oynamasan, daha yaxşıdır. Ancaq reallıq odur ki, Azərbaycan millisi üçün birinci yer çətindir. Hədəfi birinci yer üçün qoymaq lazımdır. Amma biz burda nağıl danışmırıq. Slovakiya millisinin futbolçularının hamısı Avropada oynayır. İstənilən halda mübarizə aparsaq, bütün komandalara qarşı oynamaq olar. Ustalıq səviyyəsində Slovakiyaya uduza bilərik. Lakin Cəbəllütariq, Farer adaları da meydanda istək göstərə bilər. Ustalıq səviyyən yoxdursa, ən azı mübarizə aparmağı bacarmaq lazımdır.

- Nədənsə millimiz bu dəfə daha çox ümidli görünür. Baş məşqçinin açıqlamalarından, bəzi milli üzvlərinin fikirlərindən anlamaq olur ki, bu il daha yaxşı çıxış edə bilərik. Biz nəyə arxayınıq?

- Digərlərinin yerinə cavab verə bilmərəm. Hər kəsin şəxsi fikri var. Təbii ki, birinci yer uğrunda oynamaq lazımdır. Gəlib-gedənə xal vermək fikrində deyilik. Azərbaycan millisi olaraq 10 milyon insanı təmsil edirik. Reallıqdan danışdıq. Amma bu o demək deyil ki, əl-qolumuzu sallayaq, Slovakiya da gəlib bizə 3-4 top vurub getsin. Mübarizə aparmaq lazımdır ki, hansısa nəticəyə ümid edək. Moldova, Belarus bizə daha yaxın olduğuna görə, onlardan xal ala biləcəyimizə inanıram. Slovakiya ilə oyunda isə meydanda can qoyub mübarizə aparmaqdan başqa yol yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"