"Xəzər Lənkəran"ın iddiası: Uduzmağımızda mətbuatla hakimlər günahkardır

17 May 2023 21:00 Region Liqası 1 507
"Xəzər Lənkəran"ın iddiası: Uduzmağımızda mətbuatla hakimlər günahkardır

Region Liqası finişə yaxınlaşır.

1/4 final mərhələsinin cavab oyunları çərçivəsində maraqlı oyunlardan biri Lənkəranda baş tutub.

İlk oyunda “Marxal”a 1:3 hesabı ilə uduzan, sonradan qaydalara uyğun gəlməyən futbolçunu oynatdığı üçün AFFA tərəfindən texniki məğlubiyyət alan “Xəzər Lənkəran 42” Şəki təmsilçisi ilə cavab görüşünə çıxıb.

Cənub təmsilçisinin reqlamenti pozduğunu ilk olaraq “Sportinfo” aşkarlamışdı.

Bu barədə saytımızda yazılar dərc olunmasına baxmayaraq, yarışı təşkil edən və keçirən AFFA rəsmiləri heç bir qayda pozuntusundan söhbət getmədiyini bildirirdi.

Faktlar təqdim olunandan sonra dağ boyda qurumun işçiləri səhvə yol verdiyini anlayıb, “ağ-yaşıllar”a texniki yenilgi verdi.

“Marxal” Lənkərandakı cavab duelinə 3:0 hesabı ilə öndə çıxmışdı. Buna baxmayaraq, meydan sahibləri 2 qol vurub final şansını saxlayırdı.

Cənublular daha bir qol vursaydı, matçı əlavə vaxta, daha sonra penaltilərə qədər daşıyıb istəyinə çata bilərdi. Çox çalışsalar da, bu, mümkün olmadı.

Oyundan sonra klubun sosial media səhifələrinə göz gəzdirənlər xoş olmayan mənzərə ilə rastlaşır.

Futbolu dərindən bilən, bu oyunu canları qədər sevən lənkəranlı fanatlar məğlubiyyətdə günahkar kimi səhlənkarlığa yol verən klub rəsmiləri ilə “Marxal”ın qapısına 3 top vura bilməyən futbolçuları yox, başqa şəxsləri görür.

Onların fikrincə, vəziyyətin bu yerə gəlib çıxmasında əsl səbəbkar “Sportinfo”dur. Ki, biz qayda pozuntusunu bildiyimiz halda niyə susmamışıq? Niyə “Xəzər Lənkəran 42”ni AFFA rəsmilərinin dilinə salmışıq?

Növbəti günahkar hakimdir. İddialarına görə, referi “Marxal”la cavab oyununda kobud səhvlərə yol verib, cənubluların finala adlamaması üçün əlindən gələni edib.

Hakimlərlə bağlı iddialarla işimiz yoxdur. Azarkeş fikir bildirməkdə sərbəstdir. Di gəl, jurnalisti doğrunu yazdığına görə qınamaq...

Bunun adı nədir, qınayanlar yaxşı bilir. Jurnalistin işi araşdırmaq və yazmaqdır, bəylər. Ona görə də günah sahib(lər)ini klubun və komandanın içində axtarın, mətbuatda yox.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"