“Sportinfo” saxtakarlığın üstünü açdı, AFFA bu komandaya texniki məğlubiyyət verdi

12 May 2023 17:00 Region Liqası 1 071
“Sportinfo” saxtakarlığın üstünü açdı, AFFA bu komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi Region Liqası ilə bağlı mühüm qərar çıxarıb.

Əsasnamənin 5.3-cü maddəsinin tələbinin pozulmasına görə “Xəzər Lənkəran 42”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Müəyyən olunub ki, cənub klubu ¼ final mərhələsinin "Marxal"la səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin iyulunda Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.

"Xəzər Lənkəran"ın yetirmələri bu ilin yanvarında Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.

Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz.

sİştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 1 ili professional klubda forma geyinməməsi tələb olunur. Elvinlə İlyas isə cəmi 4 ay öncə Tacikistandan geri dönüb.

Bu faktın üstünü Sportinfo.az açıb. Saytımızın ortaya qoyduğu faktlara AFFA-nın baş katibi Sərxan Hacıyev həssas yanaşıb.

Deməli, “Xəzər Lənkəran 42“nin arxasında dayanan şəxslər "Fayzkand"dan olan həmkarları ilə əlaqə yaradıb.

Onlar tacik tərəfindən saxta sənəd vermələrini xahiş edib. Guya ki, azərbaycanlı futbolçular "Fayzkand"dan bu ilin yanvarında deyil, ötən ilin sentyabr ayında ayrılıblar.

Habelə bildirilib ki, həmin sənəd AFFA-ya təqdim edilməsi üçün lazımdır.

Komandadaxili toplantıda isə elan olunub ki, AFFA onlardan belə bir sənədin gəlməsini gözləyir və əgər "Fayzkand" bu xahişi yerinə yetirsə, federasiya onu əsas götürəcək.

Yəni, “Xəzər Lənkəran 42“ın cavab qarşılaşmasına çıxmasında heç bir problem qalmayacaq. Lakin... Tacik rəsmilər son anda bu “anlaşma”ya qol qoymayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!