"Qarabağ"dan sonra "Turan"la da əməkdaşlıq başladı - FOTOLAR

10 Aprel 2023 15:00 Region Liqası 1 465
"Qarabağ"dan sonra "Turan"la da əməkdaşlıq başladı - FOTOLAR

Növbəti mövsüm I Divizion sıralarına qoşulmağa hazırlaşan «Difai» əlaqələrini genişləndirməyə davam edir.

Region Liqasında uğurlu debütü ilə yadda qalmış Şuşa təmsilçisi « Qarabağ»dan sonra «Turan Tovuz» camiəsi ilə görüş keçirib.

Tədbir Tovuz şəhər stadionunda təşkil olunub. Yığıncaqda iştirak edən «Difai»nin prezidenti Asəf Məlikov qonaqpərvərliyə görə yerli klubun rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

O, «Turan»ın həm adına, həm də Azərbaycan futbolundakı dəyərinə diqqət çəkib, qeyd edib ki, qarşılıqlı əməkdaşlığa maraqlıdırlar.

II Qarabağ Müharibəsinin iştirakçıları və qazilərinin təmsilçisi olan «Difai» barədə məlumat verən A.Məlikov deyib ki, «Turan»ın təcrübəsinin öyrənilməsi vacibdir:

«Mən arzu edirəm ki, biz tezliklə Premyer Liqada görüşək, sağlam rəqabətə söykənən mübarizəmiz ilə futbolumuzun inkişafına dəstək olaq».

«Turan Tovuz»un idman direktoru Nadir Nəbiyev çıxışı zamanı «Difai»nin gözəl layihə olduğunu söyləyfib. Funksioner bildirib ki, Vətən savaşından alnıaçıq çıxmış gənc nəslin nümayəndələrinin idmanda da öz sözünü deyəcəyinə əmindir.

Natiq «Difai»nin formasını geyinən istedadlı yeniyetmə və gənclərin «Turan»a cəlb olunmasının mümkünlüyünü vurğulayıb.

Qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov yeni yaradılan komandanın futbolçularına öz məsləhətlərini verib.

Mütəxəssis onlara yolun əvvəlində olduqlarını xatırladıb, deyib ki, bütün hallarda gələcəyə ümidlə baxmaq, inkişaf etmək lazımdır.

«Difai»nin fəaliyyəti ilə yaxından maraqlandıqlarını söyləyən Abbasov əminliyini bildirib ki, bu klub tezliklə ölkə futboluna öz qatqısını verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti