Niyə hamı Region Liqasına təyinat alanları söyür və döyür?

31 Mart 2023 01:50 Region Liqası 708
Niyə hamı Region Liqasına təyinat alanları söyür və döyür?

AFFA-nın İntizam Komitəsi iki gün öncə növbəti iclasını keçirdi.

Premyer Liqa və Birinci Divizionda yaranan fasiləyə görə digər çempionatlara həsr olunan iclasda xüsusən də Region Liqası ilə bağlı çıxarılan qərarlar diqqət çəkdi.

Yarış çərçivəsində martın 25-də baş tutmuş "Şirvanovka” - "Difai” matçının sonlarında üç futbolçu - Fərid Bədəlov, Anar Məmmədov və Bayram Paşazadə qırmızı vərəqə ilə cəzalandırılıb.

İntizam Komitəsi də yol vedikləri hərəkətə görə onlar haqda dörd oyunluq məcburi istirahət qərarı çıxarıb.

Maraqlıdır ki, Premyer Liqada və Birinci Divizionda olduğu kimi futbolçularının belə kobud hərəkətlərinə görə klublara pul cəriməsi verilmir. Bu, bir kənara…

Məsələ ondadır ki, bu, Region Liqasında rastlaşdığımız ilk belə hal deyil. İntizam Komitəsinin əvvəlki iclaslarından sonra çıxarılan bir çox qərarlara baxanda da görünür ki, belə xoşagəlməz hallar çoxdur.

Yarımpeşəkar sayılan, müxtəlif rayonlardan həvəskarların toplaşdığı, qaydaların yetərincə mənimsənilməməsini müşahidə etdiyimiz Region Liqasında hakimlərin futbolçular və ya klub rəsmiləri tərəfindən təhqir olunması, hətta bəzən fiziki təzyiqlərə məruz qalması, döyülməsi, hədə-qorxu ilə üzləşməsi hallarının sayı az deyil.

Ümumiyyətlə, sözügedən liqaya təyinat alan hakimlər daim təzyiq altında, qorxu içində olurlar. Bəlkə də futbolumuzun 90-cı illərinə qayıdırıq desək, yanılmış olmarıq.

Şübhəsiz, bu problemlərin sayı artdıqca Region Liqası daha təhlükəli olmağa, hətta belə demək mümkünsə, "kriminal zona”ya çevrilməyə başlayacaq.

Nəticə nə olacaq? Təsəvvür etmək çətin deyil. Bəs niyə bu hallar yaşanır? Problem ora göndərilən hakimlərin səviyyəsində, yoxsa klubların qeyri-peşəkar olmasındadır?

Sportinfo.az xəbər verir ki, AFFA-nın Hakimlər Komitəsinin üzvü, gənc hakimlərin təhsilinə rəhbərlik edən Anar Salmanov qaynarinfo-ya açıqlamasında problemlə bağlı fikirlərini bildirib:

"Onu deyə bilərəm ki, hakimlər oyunları 17 qaydaya əsasən idarə edirlər. Bölgələrdə isə əksəriyyətin fikri 90-95-ci illərə gedib.

İndi müasir dövrdür, hakimlərimiz hamısı həm nəzəri, həm fiziki cəhətdən oyunlara hazırlaşırlar və təyinat alırlar. Amma oradakı azarkeşlər, klub rəsmiləri, 90-cı illərdə qalıblar.

Düşünürlər ki, etdiklərinə icazə veriləcək, cəza olmayacaq. Problem hakimlərin səviyyəsində deyil, ora təyinat alanlara zəif deyə bilmərik.

Bilirsiniz ki, iş olan yerdə səhv də var. Hakim də səhv edə bilər. Bu, insan faktorudur, qərəzdən isə danışmaq istəmirəm.

Ancaq heç kimə imkan verilmir ki, hansısa səhvə görə hakimi təhqir etsin. Penalti vura, bir metrdən topu qapıdan keçirə bilməyəndə hakimi təhqir edirlər?

Region Liqasına ən təcrübəli hakimlər göndərilir. Belə insanlar, yaxud futbolçular, azarkeşlər olsun, fərqi yoxdur, inkişaf etməyiblər, keçmişdə qalıblar”.

Salmanov hər dəfə belə halların baş verməməsi üçün maarifləndirmə prosesləri aparıldığını bildirdi:

"Ora hakim-inspektor da göndəririk. Hazırda 17 hakim-inspektorumuz var, bütün liqalara gedirlər.

İndi baxın, Premyer Liqa, Birinci Divizion, U-17, U-19-un çempionatları var. Region Liqasında bütün oyunlara olmasa da, bəzilərinə hakim-inspektor göndərilir.

Onlar həm AFFA nümayəndəsinin, həm də hakim-inspektorun funksiyasını yerinə yetirirlər və oyunda hər şeyə nəzarət olunur.

Özüm də Region Liqasının oyunlarına getmişəm, təzyiqlər olur. Həmin insanların düşüncələrini, beyinlərini dəyişmək lazımdır.

Gördüyünüz kimi, cəzalar tətbiq olunur, necə ibrət çıxaracaqları isə artıq komandadaxili problemləridir. Özlərindən asılıdır.

Əslində, belə problemlərlə bağlı aidiyyatı qurumlara da müraciət edə bilərlər. Hər şeyi təkcə hakimlərlə bağlamaq olmaz.

Çünki oyunlara təcrübəli hakimlər göndərilir. Bundan başqa, təhsil rəhbəri olaraq şəxsən mən gedib rayonlarda bir çox hakimlərə dərs keçirəm.

Fiziki hazırlıq normativləri verirlər, məşqlərini keçirlər. Amma səhv qaçılmazdır. Bu, ona dəlalət etmir ki, sən hakimə fiziki təzyiq göstərəsən.

Region Liqasında belə hallara görə maliyyə baxımından klublar cəzalandırılır ya yox, dəqiq bilmirəm. Yəqin ki, yaxın gələcəkdə bunun qarşısının alınması üçün nəsə edəcəklər.

Hakimə fiziki kontakt varsa, polislərə müraciət edə bilərlər, çünki bu xuliqanlıqdır. Amma təhqir və digər hallar artıq komanda daxilindəki intizamla bağlıdır. Biz hakimləri hərtərəfli şəkildə hazırlaşdırırıq”.

Sabiq FİFA referisi məsələni Hakimlər Komitəsinin iclasında da qaldıracağını bildirdi:

"Mənim də gündəmimdədir, məsələni Hakimlər Komitəsinin iclasında qaldıracağam. Hər oyunda ən azı bir nümayəndə olsun ki, nəzarət edə bilək".

Digər Xəbərlər
Xəbər Lenti