Yeni yaranmış klub AFFA və PFL-ə dəstək oldu: “Gərək hamı bunu bilsin”

29 Mart 2023 16:20 Region Liqası 1 163
Yeni yaranmış klub AFFA və PFL-ə dəstək oldu: “Gərək hamı bunu bilsin”

“Son zamanlar AFFA və PFL rəhbərlikləri tərəfindən aparılan islahatlar, alınan qərarlar Azərbaycanda futbolun inkişafı üçün zəmin yaradır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Difai”nin prezidenti Asəf Məlikov deyib.

Ötən il yaradılan və Region Liqasında debüt edən klub Qarabağ qazilərinin təmsilçisidir.

Vətən Müharibəsində iştirak eləmiş, həmçinin qazi olmuş gənclərin cəmiyyətə sürətli inteqrasiyası üçün yaradılmış “Difai” çempionatın ən uğurlu yarışmaçılarından biridir.

A.Məlikov AFFA və Peşəfar Futbol Liqasında aparılan islahatların əhəmiyyətinə diqqət çəkib, qeyd edib ki, hər iki təşkilatın hazırda gördüyü işləri dəstəkləyir:

“Əsas məqam hər iki qurumun rəhbərliyinin milli maraqları, dövlətçiliyi hər şeydən üstün tutması və bu istiqamətdə atılan addımlardır.

Son oyunlarda milli komanda üzvlərinin soyadlarının Azərbaycan dilində və əlifbası ilə yazılmasından tutmuş Region Liqası klublarına maddi dəstək göstərilməsinə, Premyer Liqa klublarının əvəzedici heyətlərinin çempionatının bərpası, I Divizionda iştirakçı sayının 10-a çatdırılması, I Diviziona vəsiqə qazanılması üçün Region Liqasında üç illik iştirak tələbinin aradan qaldırılması, növbəti mövsümdə I Divizion klublarına maddi dəstəyin artırılması, əsas diqqətin bölgə təmsilçilərinə yönəlməsi və s. qərarlara qədər atılmış addımları buna sübut kimi göstərmək olar.

Bu səbəbdəndir ki, istər 2022/2023-cü illər mövsümündə müxtəlif liqalar üzrə iştirakçı komandaların sayı artıb. Həmçinin 2023/2024-cü illər mövsümü üçün I Divizionda qüvvəsini sınamaq istəyən klubların sayı 20-dən artıqdır.

Fikrimcə, islahatlar davam etməlidir. Əfsuslar olsun ki, müraciət edən klubların bir çoxu AFFA və PFL–in iş prinsiplərinin əsaslı şəkildə dəyişdiyini, veriləcək dəstəyin sırf komandaların inkişafına yönəlməli olduğunu anlamır.

Onları buna sövq edən dəstək üçün ayrılması qeyd olunan 300 min manatdır.

AFFA və PFL fəaliyyətində şəffaflığı əsas götürür. Gərək hamı bunu bilsin. Hər iki təşkilat çalışır ki, dövlətin futbola göstərdiyi dəstəkdən səmərəli istifadə olunsun.

Yardım paketinə ciddi nəzarətin təmin edilməsi mühüm hadisədir və biz AFFA ilə PFL-in klublara yanaşmasını doğru sayırıq”.

Digər Xəbərlər
Xəbər Lenti