AFFA-da adlar dəyişir, şübhəli qərarlar dəyişmir - Kimin SİFARİŞİNİ YERİNƏ YETİRİBLƏR?

13 Mart 2023 11:40 Region Liqası 1 243
AFFA-da adlar dəyişir, şübhəli qərarlar dəyişmir - Kimin SİFARİŞİNİ YERİNƏ YETİRİBLƏR?

AFFA-nın İntizam Komitəsi (İK) yeni tərkibdə ilk iclasını keçirib.

Martın 10-da baş tutan toplantıda I Divizion və Region Liqası ilə bağlı bir sıra qərarlar verilib.

İK 25 fevral 2023-cü il tarixində Region Liqasında keçirilən “Çinar” (Zəngilan) - İCBFA oyununun nəticəsini ləğv edib.

Belə ki, İCBFA-nın heyətində Mohammadamin Mohebi Nejad və Alıreza Rahiminin Azərbaycanda 2 ildən az müddətdə yaşayan futbolçular olması aşkarlanıb.

Beləliklə, əsasnamənin 5.2-ci maddəsinin tələblərinin pozulmasına görə İCBFA-ya 0:3 hesablı texniki məğlubiyyətn verilib və onlara xəbərdarlıq edilib (maddə 50.5).

İlk baxışdan burada təəccüblü nəsə yoxdur. Region Liqası ictimai diqqətdən kənarda qaldığından, İntizam Komitəsinin sözügedən çempionatla bağlı əksər qərarları ciddi reaksiya doğurmur.

Mətbuat da bu yarışmaya demək olar barmaqarası yanaşır, liqada baş verən hadisələri, prosesləri işıqlandırmır.

Gələk mətləb üstünə. “Çinar” və İCBFA paytaxt zonasının «B» yarımqrupunda mübarizə aparıb. Zəngilan təmsilçisi İntizam Komitəsinin son qərarı əsasında qrupu birinci pillədə başa vurub və pley-off mərhələsində iştirakdan azad olunub.

İşin qəribə tərəfi odur ki, AFFA Apellyasiya Arbitraj Tribunalının 27 fevral 2023-cü ildə elan olunmuş qərarının icrası 10 mart (?!) 2023-cü il tarixində turnir cədvəlində öz əksini tapdı.

Müəmmalı şəkildə eyni anda 10 mart 2023-cü il tarixli AFFA İntizam Komitəsinin qərarı ilə «Çinar» - İCBFA (2:4) oyunun nəticəsi ləğv edilir.

Buna səbəb kimi sonuncunun tərkibində iki iranlı futbolçunun lisenziyalı (!!!), lakin Azərbaycanda 2 ildən az yaşayan əcnəbinin (onlar komandanın aşağı yaş qrupunda da iştirak edirlər) olması əsas gətirildi.

Region Liqasının Təşkilat Komitəsinin nümayəndəsi Qabil Nəcəfovun komandaların təmsilçiləri ilə söhbətdə «biz yoxlamırıq, məsuliyyət klubundur» deməsi təəccüb doğursa da, bəzi məqamlar yeni və maraqlı suallar yaradır.

Belə ki:
1) İCBFA İntizam Komitəsinin 10 mart 2023-cü il tarixindəki qərarına kimi (aşağı yaş qrupunda, qeyd olunan oyunçuların iştirak etdiyi halda, o oyunları nəzərə almasaq belə) Region Liqasında 12 oyun keçirib. Niyə 1- 10 və ya 12-ci oyunun deyil, məhz 11-ci matçın nəticəsi ləğv edilir?

2) İK araşdırmanı «Çinar»ın etirazı əsasında aparıbsa, bu, nə zaman və hansı vasitə ilə müəyyənləşib? Sənədlərin surəti ilə tanış olmaq istərdik. Region Liqasının əsasnaməsinə görə, iştirakçı komanda oyundan keçən 24 saat ərzində öz şikayətini rəsmi surətdə bildirməlidir. AFFA-nın onlara təqdim etdiyi elektron poçt ünvanına məktub yazaraq.

3) Əgər bu etiraz Region Liqası Əsasnaməsinin tələbləri çərçivəsində edilibsə, niyə bu məsələ 03 mart 2023-cü ildə keçirilmiş AFFA İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılmayıb?

4) Yox əgər son qərar Region Liqasının Təşkilat Komitəsinin "araşdırması" nəticəsində verilibsə, niyə məhz 11-ci oyuna şamil ediılib?

Bütün qeyd olunan suallara cavablar məsələnin aydınlaşmasına köməklik göstərəcək.

Qabil Nəcəfov Region Liqasının Təşkilat Komitəsində təmsil olunmaqla yanaşı, İntizam Komitəsinin yeni tərkibinə seçilib. Böyük ehtimalla, İK-də məsələni qaldıran və onun bu şəkildə «həllini düzüb-qoşan» elə adını çəkdiyimz şəxsin özüdür.

AFFA rəhbərliyi yaxşı olardı ki, Q.Nəcəfovu İntizam Komitəsinə üzv təyin etməzdən öncə onu Region Liqasının paytaxt zonasının iştirakçıları üçün yaradılmış «vatçap» qrupunda yazdığı rəyləri, səsli mesajları araşdırardı.

Bu adamın fəaliyyəti barədə fikir birmənalı deyil. Bizdə olan məlumata görə, federasiyanın baş katibi Sərxan Hacıyev ona dəfələrlə irad tutub, ancaq belə çıxır ki. bunlar kifayət etməyib.

AFFA-nın İcraiyyə Komitəsinin martın 7-də keçirilən toplantısında İntizam Komitəsinin sədrliyi hüquqşünas Erkin Hüseynova həvalə olunub.

PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, adıçəkilən qurumun əməkdaşı Məlik Həsənov, AFFA rəsmiləri - Qabil Nəcəfov, Elçin Məmmədov, hüquqşünas Ramil Cahangirov və Hakimlər Komitəsinin üzvü Ömər Paşayev bura üzv seçiliblər.

Burada təmsil olunanların əksəriyyəti ictimaiyyətə tanış simalardır. Məlum qərar onlara yaraşmadı.

Olaya başdansovdu yanaşıblar və təcrübədən çıxış edərək deyə bilərik ki, hadisənin mahiyyəti ilə dərindən maraqlanmayıblar, təqdimat necə olubsa, ondan kənara çıxmayıblar.

İşə bu cür başlayıblarsa, vay futbolumuzun halına! Dünənədək Elxan Məmmədov komitənin qərarlarına birbaşa müdaxilə edirdi.

İK federasiyanın orvaxtkı icraçı vitse-prezidenti və baş katibinin tapşırıqlarını yerinə yetiririrdi. O, FİFA-nın Paris ofisində çalışandan bəri, yəni, ötən 10 ayda da buradan əl çəkməmişdi.

Bütün bunlar bəlli idi. Biz gərək bundan sonra onu araşdıraq ki, İntizam Komitəsinin tərkibinin yenilənməsi təşəbbüsü kimdən gəlib. Yalnız belə olan təqdirdə, növbəti sifarişçilərin kontingentini öyrənəcəyimizə ümid edirik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!