AFFA yumşaldı - “Xan Lənkəran“ Divizionda çıxış edəcəkmi? - AÇIQLAMA GƏLDİ

17 İyul 2022 15:00 Region Liqası 3 228
AFFA yumşaldı - “Xan Lənkəran“ Divizionda çıxış edəcəkmi? - AÇIQLAMA GƏLDİ

«Bununla bağlı hələ konkret açıqlama verə bilmirik, müraciətlərimiz, onsuz da, var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın mətbuat xidmətinin rəhbəri Famil Məmmədov bildirib.

Region Liqasında çıxış edən daha bir klub yeni mövsümdə I Diviziona buraxılacaq. Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin (İK) onlayn iclasında qəbul olunub.

Qərara əsasən, Region Liqası komandalarının I Divizionda çıxış edə bilmələri üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası meyarlar müəyyənləşdirəcək.

Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən bir klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

İcraiyyə Komitəsi mayda 3 bölgə komandasının üzünə qapı açıb. “Araz-Naxçıvan”, “İmişli” və “Mingəçevir” növbəti mövsümdən aşağı dəstədə mübarizə aparacaq.

Əslində, AFFA-nın əvvəldən belə bir problem olmayıb. Bu məsələ "Sabah"ın əvəzedici komandasının yeni mövsümdən birinci divizionda iştirak etməyəcəyi dəqiqləşəndən sonra gündəmə gəlib.

Masazır təmsilçisinin AFFA-ya müraciəti müsbət cavablandırılıb. Əvəzedici komandanın bir neçə üzvü icarəyə verildiyi üçün heyətdə çatışmazlıqlar yaranıb və klub belə qərar verib.

Diviziondan imtina ilə bağlı qərar 2022/2023 mövsümü üçün nəzərdə tutulub.

İcraiyyə Komitəsi bununla bağlı AFFA-nın Baş katibliyinə və Peşəkar Futbol Liqasına müvafiq tapşırıqlar verib.

Onlar 7 gün ərzində seçim meyarlarını müəyyənləşdirməlidir. İK daha sonra müraciət edəcək iddiaçı haqda qərarını açıqlayacaq.

Bilirik ki, «Xan Lənkəran» I Diviziona qatılmaq üçün belə demək mümkünsə, «əldən-ayaqdan gedir». Region Liqasının finalçısı bununla bağlı ciddi kampaniya aparıb.

İstər ölkə rəhbərliyinə, istər müxtəlif dövlət qurumlarına, istərsə də AFFA-ya çoxsaylı müraciətlər ünvanlanıb.

Klubun prezidenti Pərviz Hüseynov federasiyanın irəli sürdüyü bütün tələbləri yerinə yetirməyə hazır olduqlarına dair saytımıza açıqlamalar verib.

Rusiyada yaşayan iş adamı bildirib ki, cənub bölgəsində futbolu inkişaf etdirməkdən ötrü əlindən gələni əsirgəmir və hətta lazım olarsa, Premyer Liqaya sponsor tapmağa da hazırdır.

İcraiyyə Komitəsinin son qərarı, heç şübhəsiz, «Xan Lənkəran»ı sevindirməlidir.

Famil Məmmədovun dediyinə görə, AFFA-nın müəyyənləşdirəcəyi yeni meyarlardan onların xəbəri yoxdur:

«Bunu necə və nə vaxt müəyyənləşdirəcəklər, bilmirik. Düşünürük ki. biz o meyarlara cavab veririk. Hər halda bununla bağlı bizimlə əlaqə quracaqlar».

Digər Xəbərlər
Xəbər Lenti