"İndiyə qədər mənə hansısa klubdan ciddi təklif gəlməyib"

15 Fevral 2020 00:52 Qəbələ 859
"İndiyə qədər mənə hansısa klubdan ciddi təklif gəlməyib"

Mövsümə istədiyi kimi başlamayan “Qəbələ” dövrənin sonlarına yaxın inamlı çıxışı ilə diqqətləri üzərinə çəkmişdi.

Bölgə təmsilçisi bəzi görüşlərdəki mübarizəsi ilə cari mövsüm heç də sonuncu pillələrdə gün keçirməyəcəyinə işarə vurmuşdu.

Sportinfo.az xəbər verir ki, fasilədən sonra “qırmızı-qaralar” meydana çıxdığı iki görüşdən də məğlub ayrılıb.

Düzdü, ilk dövrə ilə müqayisədə komandadan Davit Volkov və İbarihima Niasse kimi liderlər ayrılıb. Bununla yanaşı, heyətə yeni oyunçular da cəlb olunub. Əslində komanda məğlub olduğu hər iki görüşdə o qədər də pis təsir bağışlamadı.

Ancaq Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv iki oyunda xala həsrət qalmaqla sonuncu pilləyə gerilədi. Uğursuz başlanğıcın nə qədər gözlənilən olub-olmaması və qarşıdakı oyunlar ilə bağlı Qismət Alıyevlə söhbət etdik (Futbol+).

- Fasilədən sonra keçirdiyiniz hər iki oyunda meydanı məğlubiyyətlə tərk etmisiz. Bu sizin üçün nə qədər gözlənilən idi?
- Açığı, heç kim gözləmirdi bu nəticələri. Antalyada çox yaxşı hazırlıq keçmişdik. Yəni desək ki, hər iki görüşdə məğlubiyyətə layiq oynadıq, məncə, doğru olmaz. Ancaq artıq edəcək bir şey yoxdu. Bundan sonra daha yaxşı çıxış etməyə çalışmalı, qələbələr qazanmalıyıq.

- Dediyin kimi, hər iki qarşılaşmada komanda pis çıxış etmədi. Bəs səncə, xal qazanmaq üçün nə çatmadı?
- Çatışmayan cəhətlərin nə olduğunu məşqçilər daha yaxşı bilər. Bu mənim işim deyil. “Keşlə”yə qarşı ilk qarşılaşmada oynamadığıma görə bir söz deyə bilmərəm. Ancaq “Sabah”la görüşdə öndə olsaq da, məğlub olduq. Halbuki yaxşı imkanlarımız da var idi. Ələ düşən fürsətləri dəyərləndirə bilsəydik, uduzmaqdıq. Bilirsiz ki, heyətə yeni oyunçular cəlb olunub. Onlar da komandaya uyğunlaşandan sonra səhvlərimizin üzərində işləyib xallar qazanmağa başlayacağıq.

- Mövsümə müəyyən söz-söhbətlərlə başladız. Büdcə azaldıldı və heyət nisbətən zəiflədi. Özünüzü rəqiblərlə müqayisədə zəif görürsüz?
- Heyətimizdəki oyunçuların çempionatda çıxış edən başqa komandaların futbolçularından əskikliyi yoxdu. İstər yerli, istərsə də legioner olsun. Hamısı səviyyəli və potensiallı futbolçulardı. Bu gün sonuncu yerdəyik deyə, gücümüzün bu olduğunu düşünmürəm. Hələ çempionatda çox oyun var. Kubokda da yolumuza davam edirik. Yeni oyunçular da komandaya tam uyğunlaşandan sonra daha yuxarı pillələrə çıxacağıq.

- “Qəbələ”nin builki hədəfinin elitada qalmaq olduğunu demək olar?
- Yox, qətiyyən. Bu günə qədər heç vaxt “Qəbələ”nin belə hədəfi olmayıb. Biz həmişə yuxarı pillələr uğrunda mübarizə aparmışıq. Bundan sonra da belə olacaq.

- Komandadan gedən və gələn oyunçuları müqayisə etsək, “Qəbələ” güclənib, yoxsa zəifləyib?
- İbrahima Niassenin necə futbolçu olduğunu hamı bilir. Davit Volkov isə artıq uzun müddət idi komandadaydı. Yeni oyunçuların komandaya gəldiyi cəmi 10-15 gün olar. İndidən onlarla bağlı nəsə desək, doğru olmaz. Məncə, vaxt keçdikcə komandaya köməkləri dəyəcək.

- Heyətdə gənc futbolçular çoxdu. Səncə, təcrübəsizlik çıxışınıza təsir edir?
- Düşünmürəm ki, belə şeylər bizə təsir etsin. İlk dövrənin sonlarında komandanın necə çıxış etdiyini görürdüz. Artıq toparlanmağa başlamışdıq. Qələbələr, xallar qazanırdıq. Ola bilsin, fasilədən sonra yaxşı başlamamışıq deyə, belə görünür. Ancaq getdikcə bunların heç biri görünməyəcək. Hələ cəmi iki oyun keçirmişik. Bu dəqiqə heç kim öz real gücünə uyğun çıxış etmir.

- Növbəti turda “Səbail”ə qalib gəlsəz, sonuncu pillədən qurtulacaqsız. Alınacaq?
- Təbii ki, sonuncu pillədə olmağı heç kim istəməz. Növbəti turda rəqib “Səbail” yox, başqa komanda da olsaydı, yenə eyni cür hazırlaşcaqdıq. Mütləq xal qazanmaq üçün meydana çıxacağıq. Birinci işimiz sonuncu pillədən qurtulmaqdı. Sonra isə yuxarı yerlər uğrunda mübarizə aparacağıq.

- Yerli oyunçuların legioner həyatı yaşamaması çox müzakirə olunur...
- Hər futbolçu karyerasını ölkə xaricində davam etdirmək istəyər. Açığı, indiyə qədər mənə hansısa klubdan ciddi təklif gəlməyib. Olarsa, təbii ki, dəyərləndirmək istəyərəm.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!