"Heç bir futbolçumuzun pasportunu yoxlamamışıq"

8 Fevral 2020 13:54 Qəbələ 988
"Heç bir futbolçumuzun pasportunu yoxlamamışıq"

“Qəbələ”nin futbolçusu, U-17-yə dəvət alan Nuğay Rəşidovun toplanışdan kənarda qaldığını xəbər vermişdik.

Onu da bildirmişdik ki, “qırmızı-qaralar”ın üzvü sənəd problemi üzündən (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) yığma ilə birgə səfərə çıxa bilməyib.

Sportinfo.az xəbər verir ki, pasportun yenilənməsinin vacibliyi barədə komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, Rəşidov səhlənkarlıq edərək, yeni pasport almayıb.

Yeniyetmə oyunçunun hansı səsəbdən belə etdiyinə, sənədinin yenilənməsində niyə maraqlı olmadığına aydınlıq gətirmək üçün “Qəbələ” Futbol Akademiyasının baş meneceri Nail Kərimovla əlaqə saxladıq. Görəsən, akademiya rəhbərliyinin məsələdən xəbəri var imiş? Kərimovun reaksiyası belə oldu (Futbol+):

“Pasportun müddətinin bitməsinə 3 ay qalmış Türkiyə artıq həmin şəxsi qəbul etmir. Yığmanın inzibatçısı bu haqda uşaqlara məlumat verib. Ancaq Nuğay bunu etməyib. Yaşananlardan xəbərdar olan kimi məsələ ilə maraqlandım.

Nuğayın izahatı belə olub ki, mən soruşsam da, konkret cavab verən olmadı. İnzibatçı isə bildirib ki, mən hamıya ətraflı izahat vermişəm. Kimin pasportunun müddətinin bitməsinə 3 ay qalıbsa, mütləq yeniləməlidi.

Əslində müddətin başa çatmasına 61 gün qalsaydı, problem yaşanmayacaqdı. Nuğayda isə, artıq bildiyiniz kimi, 60 gün qalıb. Komanda ilə birgə sərhədə qədər gedib, ancaq ordan geri qaytarılıb. Hələ ki Nuğayla görüşə bilməmişəm.

Onunla söhbətimizdə hər şeyi bir daha detallı şəkildə öyrənəcəm. Təbii ki, belə işlərdə hər kəs daha məsuliyyətli olmalı, hər xırda nüansa diqqət yetirməlidi ki, sonda xoşagəlməz durumla qarşılaşmasın”.

Nail bəy yeniyetmə futbolçunun pasportunun müddətinin başa çatmasından xəbərsiz olduğunu, ancaq buna görə akademiyanın yox, AFFA-nın məsuliyyət daşıdığını bildirdi:

“Akademiyanın U-17 komandası hazırda səfərə hazırlaşmır deyə, heç bir futbolçumuzun pasportunu yoxlamamışıq. Komanda hansısa səfərə hazırlaşanda minimum 6 ay öncədən bütün oyunçuların sənədlərini gözdən keçiririk.

İşə yanaşma tərzi var. Akademiya olaraq, biz səfər ərəfəsində hər xırda detalın həll olunduğuna əmin olmaq üçün sənədləri dəfələrlə yoxlayırıq ki, sonra problemlə üzləşməyək. Bu illər ərzində də hansısa komandamızın oyunçusunun belə halla üzləşdiyini xatırlamıram.

Kimin sənədində əskiklik varsa, üstündə dayanıb həll edirik. AFFA-nın yanaşması budu ki, oyunçu bu məsələni yoluna qoymalıdı. Bizim və ya assosiasiyanın metodunun doğru olduğunu deyə bilmərəm. Ancaq yenə deyirəm, akademiyamızın komandaları heç vaxt belə problemlə üzləşməyib.

Şəxsən özüm və ya bu işlərlə məşğul olan akademiyanın başqa menecerləri əvvəlcədən bütün sənədləri qaydaya salırıq. Yeri gəlmişkən, onu da bildirim ki, Rəşidovun atası dializ xəstəsidi.

Xatırlayırsızsa, 2 il əvvəl UEFA-nın Gənclər Liqası üçün bizə ödədiyi vəsaitdən onun atasının müalicəsi üçün müəyyən maliyyə ayrımışdıq. Ola bilsin, bu məsələdə atasının xəstə olması da sözünü deyib”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı