Gözünü ağ atlı oğlanın gəlişinə dikən "Qəbələ"dən FOTOREPORTAJ

3 Fevral 2020 10:10 Qəbələ 804
Gözünü ağ atlı oğlanın gəlişinə dikən "Qəbələ"dən FOTOREPORTAJ

“Qəbələ” mövsümün ikinci yarısına start verib. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XV turunda “Keşlə” ilə qarşılaşıb.

Oyun Qəbələ şəhər stadionunda baş tutub. Ev sahibləri ötən il baş tutan son turla müqayisədə matça 5 dəyişikliklə başlayıb. Belə ki, qapıçı Tərlan Əhmədli, həmçinin Asif Məmmədov, Sadiq Quliyev, Amin Seydiyev və Ehtiram Şahverdiyev ilk dəqiqələrdən meydana çıxıb.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Lakin qapılar önündə uzun müddət təhlükəli vəziyyət yaranmayıb. İlk yarının gedişində paytaxt təmsilçisi cüzi üstünlüyə yiyələnə bilib.

25-ci dəqiqədə Rövlan Muradovun iti bucaq altında cərimə zərbəsindən qapıya göndərdiyi topu qapıçı dəf edib. Hissənin sonları daha yaddaqalan olub.

Öncə bakılılar hesabı açıblar. Az keçməmiş komanda yoldaşından ötürmə alan Ehtiram Şahverdiyev rəqib qapıçı ilə üz-üzə qalıb. Əlverişli imkanı qaçıran futbolçu çərçivəyə düşə bilməyib. “Keşlə” isə ikinci qol imkanından da yaralanaraq fərqi artırıb.

Bundan sonra “qırmızı-qaralar” fərqlənməyə yaxın olub. Öncə Rövlan Muradov, ardınca Klesio Bauk qapını nişan alsa da, rəqib qolkiper hər iki zərbəni qaytarıb. Fasilə ərəfəsində Baukun qapı önünə ötürməsi də təhlükəli alınsa da, bakılılar topun qarşısını alıblar.

İkinci hissəyə daha fəal başlayan “Qəbələ” oyunda dönüş yaratmaq üçün irəli atılıb. Hissənin əvvəlində Merab Qiqaurinin əlverişli mövqedən zərbə endirməsinin qarşısını rəqib futbolçular alıb.

Yusif Nəbiyev isə cərimə meydanı daxilindən topa istənilən kimi toxuna bilməyib. Künc zərbəsindən sonra başla rəqib qapısına yol tapan İvitsa Juniç isə fərqi minimuma endirib.

Bu qoldan sonra hücumlarının sayını daha da artıran “qırmızı-qaralar” qonaqların təhlükəli əks-həmlələrinin də qarşısını almağı bacarıb. Bir neçə dəfə Tərlan Əhmədli, matçın sonlarında isə qapı tiri paytaxt təmsilçisinin fərqlənməsinə imkan verməyib.

“Qəbələ” isə dəfələrlə hesabda tarazlıq yaratmağa yaxın olub. Lakin Amin Seydiyevlə Klesio Baukun zərbələri istənilən kimi alınmayıb. Asif Məmmədov isə hədəfə düşə bilməyib.

Oyuna sonradan daxil olan Ülvi İsgəndərov və Abdelrafik Jerarda hücum xəttində fəallığı artırıblar. Lakin “Keşlə”nin müdafiə xətti etibarlı oynayaraq hesabın dəyişməsinə əngəl olublar. Beləliklə, “Qəbələ” mövsümün ikinci yarısına 1:2 hesablı ev məğlubiyyəti ilə başlayıb.

“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev: “Təlim-məşq toplanışından sonra çempionatda ilk oyunumuz idi. İki fərqli hissə izlədik. İlk yarıda komanda şəklində istədiyimiz bir az alınmadı.

Komanda toplanışda gördüyümüz oyunu ikinci hissədə göstərməyə başladı. Bunun səbəbi ilk oyun olmasıdır. Ola bilər ki, yoldaşlıq görüşləri ilə rəsmi matçlar arasında bir az fərq var. Ona görə bunu həyəcanla əlaqələndirərdim.

İnanırıq ki, komanda qışa qədər göstərdiyi futbolu nümayiş etdirməyə davam edəcək. Premyer Liqanın ən gənc komandasıyıq. Heyətimiz əsasən akademiyanın yetirmələrindən qurulub.

Biz komandaya inanırıq. Daha da yaxşı oyun göstərib qələbələr qazanacağıq. Çempionatda mümkün qədər yüksək yer tutmağa çalışacağıq. Kuboka hələ çox var, bu haqda düşünmürük”.

Baxşıyev heyətin yeni futbolçu ilə gücləndirilə biləcəyini də qeyd edib: “Heyətimiz geniş deyil. Ehtiyat qüvvəmiz azdır. Hər məşqçi komandada rəqabətin artmağını istəyər. Oyunçular rəqabət olduqca öz üzərində işləyib artırırlar. Komandaya yeni hücumçunun qoşulacağı gözlənilir”.

“Qəbələ” – “Keşlə” 1:2

Qəbələ şəhər stadionu, 200 tamaşaçı

Baş hakim: Səbuhi Bayramov

Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Sadiq Quliyev, 63 (qeyri-idman hərəkəti); Abdelrafik Cerard, 90+3 (qeyri-idman hərəkəti); Ülvi İsgəndərov, 90+5 (qeyri-idman hərəkəti) // Con Kamara, 57 (qeyri-idman hərəkəti); Lorenzo Frutos, 67 (oyunun bərpasının ləngildilməsi); Sezar Meza Kolli, 88 (oyunun bərpasının ləngildilməsi); Tural Bayramlı, 90+4 (qeyri-idman hərəkəti); Şahrux Qadoyev, 90+7 (oyunun bərpasının ləngildilməsi)

Qollar: İviça Juniç, 60 // Miyusko Boyoviç, 35; Sezar Meza Kolli, 40

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

(12. Abdelrafik Cerard, 80)

74. Yusif Nəbiyev

4. Sadiq Quliyev

9. Ehtiram Şahverdiyev

(14. Ülvi İsgəndərov, 69)

3. İviça Juniç

10. Klesio Bauk

77. Merab Qiqauri

21. Fernan Lopez

19. Rövlan Muradov

2. Amin Seydiyev

Ehtiyat oyunçular:

33. Müşfiq Nadirov

28. Murad Musayev

55. İdris İnqilablı

27. Samir Məhərrəmli

Baş məşqçi: Azər Bağırov

“Keşlə”

1. Stanislav Namaşko

4. Slavik Alxasov (k)

17. Vüsal İsgəndərli

2. İlkin Qırtımov

22. Əfran İsmayılov

(3. Cabir Əmirli, 67)

25. Con Kamara

21. Miyusko Boyoviç

5. Franko Flores

10. Sezar Meza Kolli

(30. Şaxruh Qadoyev, 88)

9. Lorenzo Frutos

(42. Aleksandr Kristovao, 67)

7. Tural Bayramlı

Ehtiyat oyunçular:

94. Rəşad Əzizli

33. Tərlan Quliyev

18. Ruslan Əmircanov

19. Azər Salahlı

90. Orxan Fərəcov

97. Xəzər Mahmudov

Baş məşqçi: Tərlan Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti