"AFFA bizə sponsor tapsa, çox sevinərdim" - Fariz Nəcəfov

21 Sentyabr 2019 21:54 Qəbələ 3 469
"AFFA bizə sponsor tapsa, çox sevinərdim" - Fariz Nəcəfov

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Premyer Liqanın V turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Sportinfo.az-ın da əməkdaşının suallarını cavablandırıb.

- Son iki oyunda tamam fərqli "Qəbələ" görürük. Bunu nə ilə əlaqələndirirsiz?

- Bunu akademiyamızın yetirmələri, gənc futbolçuların özlərini göstərmək istəməsi ilə əlaqələndirirəm. Burada fərqli nəsə yoxdur. Sənan Qurbanovun vaxtında olan komandadır. Eyni məşqlər, eyni legionerlərdir. Ab-havanı dəyişib, özünəinamı qaytara bilmişik.

- Futbolçular meydanda daha istəkli görünürlər...

- Yenə deyirəm, bu, inam məsələsidir. Bundan əvvəlki oyundan etibarən bunu hiss etdik.

- Ola bilərmi ki, Sənan müəllim həmin inamı komandada yaradabilməyib? Yoxsa futbolçular onun vaxtında oynamaq istəmirdilər?

- Xeyr, oynamamaq məsələsi yoxdur. Biz bir ailə kimiyik. Görünən odur ki, Avroliqada ardıcıl məğlubiyyətlər komandaya mənfi təsir göstərmişdi. Bəli, ola bilər, Sənan müəllim inamı bərpa edə bilmədi. Şükürlər olsun, artıq hərşey qaydasındadır. Bunu qorumaq lazımdır.

- Demək olar ki, "Qəbələ" artıq öz oyununu tapıb?

- Sevindirici haldır ki, komandanın əsas hissəsi akademiyamızın yetirmələrindən ibarətdir və bu cür oyun göstərə bilirik. Qolları da öz yetirmələrimiz vurur. Bu, məni sevindirir. İnanıram ki, bu istək olduğu müddətcə komanda qələbə qazanacaq. Artıq kollektiv oyun göstərə bilir, nəsə bacarır.

- Bildiyimiz qədərilə, ölkə xaricində də baş məşqçi axtarışlarınızı davam etdirirsiz. Bu barədə nə deyə bilərsiz?

- Namizədlər həddindən artıq çoxdur. Həm Azərbaycandan, həm də ölkə xaricindən. Ancaq hələ qərar verməyə tələsmirik.

- Fəxri prezident əcnəbi baş məşqçinin gəlişinə razılıq verib?

- Xeyr, bu məsələ Tale müəllimlə müzakirə olunmayıb. Ümumiyyətlə, baş məşqçi məsələsi hələ gündəmdə deyil.

- Komanda bu templə davam etsə, Elmar müəllimin baş məşqçiliyi təsdiqlənə bilər?

- Variant kimi var. Lakin yenə deyirəm, başqa məsələlər olduğu üçün hələ baş məşqçi müzakirə olunmur.

- AFFA-nın "Qəbələ"yə sponsor tapması haqda məlumat eşitmişik. Bu, nə dərəcədə doğrudur?

- Belə bir şey olsa, çox sevinərdim. Amma ilk dəfə sizdən eşidirəm.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!