"Qəbələ"ni sevindirən və düşündürən "qol yağışı"

24 Noyabr 2022 23:40 Qəbələ 380
"Qəbələ"ni sevindirən və düşündürən "qol yağışı"

"Qəbələ" darmadağınla ölkə kubokunun 1/4 final mərhələsinə yüksəldi.

Doğma meydanda "Araz Naxçıvan"ı qəbul edən bölgə klubu qonaqların qapısından nə az, nə çox 5 cavabsız qol keçirməyi bacardı.

Bu, mövsümdə ilk belə hal idi. Komanda ən yaxşı halda 3 qol vuraraq qələbə qazanmışdı. Onu da 11 tur əvvəl "Kəpəz"lə matçda.

Sonrakı oyunlardam "Səbail" üzərində qələbəni (2:1) çıxsaq, Elmar Baxşıyevin yetirmələri digər 10 oyunda ən yaxşı halda 1 qolla yadda qalıblar.

Vurulan qollar isə daha çox müdafiəçi və yarımmüdafiəçilərin adı ilə bağlıdır. Elə "Araz"la oyunun ilk qolu da sol cinah müdafiəçisi Məqsəd İsayevin möhtəşəm zərbəsi ilə gəldi.

Amma sonrakı 4 qoldan 3-ün ön xətt oyunçuları aktivinə yazdıra bildi.

Ülvi İsgəndərov cəmi 1 tur əvvəl Premyer Liqada fərqlənmişdisə, böyük ümidlər bəslənən Felipe Santos 12, Ramon Maçado isə 7 oyunluq "qol orucu"nu poza bildi. Braziliyalılar bu müddətdə hərəyə cəmi bir asistlə yadda qalmağı bacarmışdı.

Zəif rəqiblə oyunda olsa da pozulan susqunluğa sevinmək olar. Ki, bu, braziliyalılar üçün əlavə motivasiya olmuş olacaq. Ancaq bunun davamını daha sanballı Premyer Liqa rəqiblərinə qarşı gətirmək isə mütləqdir.

Çünki Maçado, Felipe kimi əcnəbilər anlamalıdılar ki, onlar Divizon komandaları ilə görüşlərdə yox, "Qarabağ", "Sabah", "Zirə" və digər Premyer Liqa komandaları ilə oyunlarda "qırmızı qaralar"ı çiyinlərində daşımaq üçün transfer ediliblər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti