"Qəbələ"dən Anar Nəzirov açıqlaması - "Mən kəsib qırağa atmağın tərəfdarı deyiləm"

10 May 2021 22:20 Qəbələ 1 077
"Qəbələ"dən Anar Nəzirov açıqlaması -

Azərbaycan Premyer Liqasının 24-cü turunda "Qəbələ"nin "Qarabağ"a 5-0 hesablı məğlubiyyətinə görə ən çox tənqid olunan futbolçu Anar Nəzirov olmuşdu.

Hətta oyunsonrası mətbuat konfransında Anarla bağlı baş məşqçi Elmar Baxşıyevə sual verilmiş və o da cavabında "Futbol səhvlər oyunudur. Mən də, Anar da səhv edir. Amma mən burada olduğum müddətdə sonadək Anara inanacağam. O, mənim 1 nömrəli qapıçımdır. Onun səhvi mənim səhvimdir" deyərək futbolçusuna dəstək olmuşdu.

Amma belə dəstəyə rəğmən son iki oyunda Anar Nəzirovu ehtiyat skamiyada görürük. Həm "Səbail", həm də "Zirə" ilə görüşlərdə bölgə təmsilçisinin qapısını Tərlan Əhmədli qorudu. Görəsən, Anarın ehtiyata göndərilməsi nə ilə bağlıdır? Yaranmış duruma aydınlıq gətirmək üçün "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi aradıq.

Gənc mütəxəssis mövzu ilə bağlı Sportinfo.az-a bunları dedi: "Hamı bilir ki, Anar bizim bir nömrəli qapıçımızdır. Sadəcə "Qarabağ"la oyundan sonra əzələsində mikro zədə olduğu aşkarlandı. Hazırlığı qaydasındadır. Özündə ağrı hiss elədiyi üçün müalicəsini davam etdirir.

Komanda ilə məşqlərdə də iştirak etmir. Fərdi olaraq çalışır. Qarşıdakı oyunlarda, əlbəttə, onu meydanda görə bilərik. Anar bizim üçün dəyərli futbolçudur. Komandamızın kapitanıdır. Tezliklə sıralarımıza qatılmasına şad olarıq. "Qarabağ"la oyunda lap səhvləri olsa belə bu heç nəyi dəyişmir. Futbol səhv oyunudur. Mən kəsib qırağa atmağın tərəfdarı deyiləm".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi