"Neftçi” bizə maraqlı deyil”

2 Mart 2020 00:38 Qarabağ 777
"Neftçi” bizə maraqlı deyil”

Sportinfo.az "Qarabağ"ın futbolçusu Qara Qarayevin müsahibəsini təqdim edir:

- "Qarabağ" "Sabah"la qolsuz heç-heçə oynadı. Nəticəni sizin üçün qənaətbəxş hesab etmək olar?
- Oyunumuz ümumi götürsək, yaxşı alındı. Rəqib müdafiədən oynadığı üçün zaman-zaman çətinlik yaranırdı. Amma buna rəğmən yetərincə qol imkanlarımız oldu. Buna baxmayaraq, yekunda xal itkisi ilə üzləşdik. Futbolda belə şeylər olur.

- Matçın son dəqiqələrində qol vursanız da, baş hakim oyundankənar vəziyyət qeydə aldı. Həmin epizodu necə şərh edərdiniz?
- Təmiz qol vurmuşduq. Yan xətt hakiminin oyundankənar vəziyyət qeydə almasını anlamaq çətindir. Hər halda, qaydalar çərçivəsində vurduğumuz qolu saymadılar.

- Hətta həmin epizoddan sonra baş hakim sizə sarı vərəqə də göstərdi. Ona nə demişdiniz?
- Mən baş hakimdən qolumuzu nəyə görə hesaba almadığını soruşdum. Ona dedim ki, top qapıçıdan gəlib, yan xətt hakimi ilə dəqiqləşdir və düzgün qərar ver. Amma o, razılaşmadı. Ondan qolu nəyə görə qeydə almamasının izah etməsini istədim. Nəticə mənə sarı vərəqə verdi. Halbuki mən sarı vərəqəlik etiraz etməmişdim.

- Qurban Qurbanov oyundan sonra bildirdi ki, "Sabah" tərəfdən də təmiz qol olduğunu etiraf edənlər var idi. Həqiqətən rəqib də qol olduğunu etiraf etmişdi?
- Burada kiminsə etirafı qərarı dəyişmir. Bütün epizod hakimin gözü qarşısında oldu.

- Necə düşünürsünüz, VAR texnologiyası Azərbaycanda tətbiq olunmalıdırmı?
- VAR ədalət prinsiplərini bərpa etmək üçün önəmlidir. Bu bizim əleyhimizə olan epizodlara da daxildir. VAR-ın çempionatımıza gəlməsi məncə, faydalı olar.

- Hakimlərin sizi "sıxdığı" qənaətindəsiz?
- Onlar haqda heç nə fikirləşmirik. Bu suala hakimlər cavab verə bilərlər. Biz hər zaman klub olaraq dürüst oynamışıq, bundan da heç vaxt əl çəkmirik və hər zaman da belə qalacaq.

- Xal itkisinə baxmayaraq, komandanız liderliyini davam etdirir. "Neftçi" "Qarabağ"a çata bilər, yoxsa buna imkan verməyəcəksiniz?
- Biz öz oyunlarımıza baxırıq, rəqiblər bizə maraqlı deyil.

- Qarşıdakı turda rəqibiniz "Keşlə"dir. Onları məğlub etməyi bacaracaqsınız?
- Hər oyuna ciddi hazırlaşırıq. "Keşlə" ilə oyuna hələ zaman var. İndidən həmin oyun haqda heç nə deyə bilmərəm.

- Azərbaycan millisinə Covanni De Byazinin baş məşqçi təyin olunduğu bildirilir. Bu haqda fikriniz necədir?
- Dəqiq məlumatım yoxdur ki, təsdiq edilib ya, yox. Hər halda, AFFA rəhbərliyi bu qərarı veribsə, deməli yığmamıza layiqdir. Hər bir halda millimiz üçün xeyirli-uğurlu olsun (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti