“Qarabağ”da suları bulandıran adam – Pulunu verin, getsin!

16:30 Qarabağ 571
“Qarabağ”da suları bulandıran adam – Pulunu verin, getsin!

Kadi Borges bir sümük olub keçib “Qarabağ”ın boğazına.

Bu gün komandanın ən bahalı futbolçusudur.

Vaxtilə “Qarabağ” üçün etdiklərinə sözüm yoxdur. Azərbaycana gəldiyi ilk dönəmlərdə xarüqələr yaradırdı, azarkeşlər başına and içirdi. Onda qəpik-quruşa oynayırdı.

Elə ki, “Krasnodar”ın milyonlarını gördü, oradan da Avropanın mərkəzinə gəlib “Ferentsvaroş”la anlaşdı, vəssalam, futbol adlı əsərin kitabını bağladı.

Öz aramızdır, 4-5 il əvvəlki Kadi hara, indiki hara? Heç kölgəsini də xatırlatmır. Nə cəldliyi qalıb, nə mübarizliyi, nə də nizam-intizamı.

Vaxt var idi utandığından başını qaldırmırdı. Hakimlə üz-üzə dayananda deməyə söz tapmırdı. Rəqib futbolçulara və komanda yoldaşlarına hörmətlə yanaşırdı. İndi Messi yalan olub onun yanında.

Ötən mövsüm “İmişli” ilə qarşılaşmada heç nədən “qırmızı” alıb komandasını çətin vəziyyətdə qoymuşdu. Oxşar hərəkəti bu dəfə Sumqayıtda yerli komada ilə matçda təkrarladı. Jali Muaddibin fərdi keyfiyyətləri olmasaydı, “Qarabağ” onun ucbatından vacib 2 xal itirəcəkdi.

Qurban Qurbanov keçmişi unutmayan adamdır. Mütləq ki, Kadiyə göstərdiyi inam və səxavətin arxasında illər əvvəlin zəhməti və uğuru dayanır.

Özünə gələcəyi günü səbrsizliklə gözləməklə hər dəfə əsas heyətdə şans verir, ərköyünlüyünə dözür, kapitan sarğısını qolunda daşımasına imkan yaradır.

Ancaq hər ötən gün göstərir ki, dözüələn deyil. Əksinə, günü-gündən pisə gedir. “Tvente” ilə oyunlarda vurduğu qolları çıxsaq, “Qarabağ”dakı ikinci dönəmdə ciddi mənada heç nə ilə yadda qalmayıb.

Müqaviləsinin başa çatmasına 2 il qalıb. Az pul deyil. Bu, təxminən 1,5 milyon dollar deməkdir. Əlbəttə, o boyda pulu qoyub “kağızımı verin, gedim” deyən deyil. Bundan sonra heç kimə lazım olmadığını yaxşı bilir. Elə buna görə də axırıncı qəpiyinə qədər istəyəcək.

“Qarabağ” üçün ən uyğun variant Borgeslə hansısa mənada dil tapıb müqaviləni qarşılıqlı razılıq əsasında pozmaqdır. 1 milyondan keçmək bahasına olsa belə.

Qaldıqca daha çox ziyan vuracaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO