Filip Ozobiç: "Bu mövsüm bəxtimiz gətirmədi"

2 Dekabr 2019 16:40 Qarabağ 710
Filip Ozobiç: "Bu mövsüm bəxtimiz gətirmədi"

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Sportinfo.az-a müsahibə verib:

- "Qarabağ" "Sevilya" oyunundan sonra özünə gələ bilib?
- Özünə gəlib deyəndə ki, bu futboldur da, bəzən qalib gəlirsən, bəzən də uduzursan. Ötən oyunları düşünməyə ehtiyac yoxdur, yalnız irəliyə baxmaq lazımdır.

- Bəs yaxşı, "Sevilya" oyununa qayıdası olsaq, səncə, "Qarabağ" İspaniyadan niyə xalla ayrıla bilmədi?
- Bütün dünya "Sevilya"nın necə komanda olduğunu bilir. Həqiqətən də çox güclüdülər. Onlara qarşı səfərdə oynamaq isə daha da ağırdır.

- "Qarabağ" qrupdan çıxmaq üçün nə etməlidir? Bəlkə daha güclü legionerlərə ehtiyac var?
- Məncə, bu mövsüm bizim bəxtimiz gətirmədi. Yaxşı oyunlarımız oldu. Sadəcə, dediyim kimi bəxtsizlik oldu.

- Sonuncu dəfə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinfə "Dandolk"a qarşı oynamışdın. Məhz həmin oyunda zədələnərək uzun müddət sıradan çıxdın..
- Bəli, elə həmin oyunda ağır zədə aldım. Uzun müddət futbol oynamadım. Amma indi özümü yaxşı hiss edirəm. Kollektivlə məşq edirəm. Mən komanda ilə təlim-məşq toplanışı keçməliyəm. Yalnız bu halda 100 faiz hazır olacam.

- Avrokuboklarda çıxışınızı dayandırdıqdan sonra indi bütün fikrinizi daxili çempionata yönəldəcəksiz. Yəqin ki, bundan sonra yerli klublar üçün "Qarabağ"a qarşı oynamaq daha da çətinləşəcək?
- Yenidən avrokuboklarda oynamaq istəyiriksə, daxili çempionatda uğurlu nəticələr qazanmalıyıq. Yalnız bu halda avrokuboklarda oynaya bilərik. Ona görə də daxili çempionatda uğurlu nəticələr istəyirik.

- Bugünki oyunda "Qarabağ"ın rəqibi "Sabah"dı. Bu görüşdə qələbə qazana biləcəksiz?
- Bilirik ki, çox ağır oyun olacaq. "Sabah"a yeni baş məşqçi təyin edilib. Bütün futbolçular özünü yeni baş məşqçiyə göstərmək istəyəcək. Bu mənada ağır oyun olacağını düşünürəm.

- "Sabah"ın yeni baş məşqçisindən söz düşmüşkən, Yelko Şopiçi tanıyırsız?

- Bəli, tanıyıram. Amma düzü, necə məşqçi olması barədə o qədər də məlumatım yoxdur.

- 2021-ci ilə kimi ölkəmizdə oynayası olsan, beşinci ilin tamam olacaq. Azərbaycan millisi haqda düşünmüsən heç?
- Buna hələ çox var. Hələ ki, qarşıdakı oyunları fikirləşmək lazımdır. Daha sonra necə olacağına baxarıq.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti