2026/2027-ci il mövsümündə “Qarabağ”ın çıxışı və nəticələri gözləntiləri tam doğrultmur.
Xüsusilə yeni transferlər.
Legionerlərin səviyyəsi və komandanın əvvəlki illərdəki dominantlığını itirməsi sosial şəbəkələrdə geniş müzakirə olunur.
Bəzi azarkeşlər yeni transferləri keyfiyyətsiz hesab edir, digərləri isə klubun futbolçularının ümumi bazar dəyərinin aşağı düşməsini əsas gətirərək, transfer siyasətini tənqid edirlər.
Ancaq məsələni yalnız oyunçuların adları, transfer qiymətləri və fərdi statistikası üzərindən qiymətləndirmək düzgün deyil.
Burada Azərbaycan futbolunun dəyişən rəqabət mühitini, klubların transfer strategiyalarını və “Qarabağ”ın əvvəlki üstünlüyünün hansı amillər hesabına formalaşdığını təhlil etmək lazımdır.
İlk növbədə, bazar dəyəri ilə bağlı iddialara nəzər salaq.
Transfermarkt məlumatlarının müxtəlif mövsümlər üzrə arxiv göstəricilərində “Qarabağ”ın heyətinin bazar dəyəri 2021/2022 mövsümündə təxminən 15 milyon avro, 2022/2023 mövsümündə 25,85 milyon avro, 2023/2024 mövsümündə 18,1 milyon avro, 2024/2025 mövsümündə 27,65 milyon avro, 2025/2026 mövsümündə isə 30 milyon avrodan artıq qiymətləndirilib.
2026/2027 mövsümündə isə platformanın heyət üzrə göstəricisi təxminən 25,83 milyon avro dur. Digər qiymətləndirmə platforması “ZeroZero” hazırkı heyəti 23,45 milyon avro civarında dəyərləndirir.
Bu rəqəmlər müəyyən enişdən xəbər versə də, son beş ilin ümumi mənzərəsi “Qarabağ”ın bazar dəyəri nin davamlı və kəskin şəkildə aşağı düşdüyünü təsdiqləmir.
Burada əsas məsələ bazar dəyərinin transfer məbləği olmadığını və futbolçunun real meydan keyfiyyətini tam ifadə etmədiyini də nəzərə almaqdır.
SPORTİNFO.AZ
