«Qarabağ»ın beş oyundur qola və qələbəyə həsrət qalması… Qurban Qurbanovun 18 ildir başında dayandığı «Qarabağ»ın nəvaxtsa belə vəziyyətə düçar olduğunu xatırlamıram. Onu hədsiz qayğılandıran haldır bu.
Futbol hesab-kitabı bəzən sevir, bəzən sevmir. Baş məşqçi kim olur-olsun, gözləmədiyi, onu təəccübləndirən hər hadisə ilə qarşılaşa bilir. Heç biri bundan sığortalanmayıb. Öncədən proqnozlaşdırılmayan situasiya ilə qarşılaşması mümkündür.
Qurban Qurbanov durumun ciddiliyindən halidir artıq. Yayda yenidən «inşa» etməyə başladığı «bina»nın hazır vəziyyətə gəlməsinin hələ bir müddət zaman alacağını gizlətmir daha. Gəncədə söylədiklərini ümumiləşdirsək: komandanın düzəlməsi, düz yola çıxması, həmişəki görüntüsünü alması 6 ay da çəkə bilər, 1 il də. Bu həsrət ondan tez bitənə oxşamır.
Problem yalnız qolçu yoxluğu ilə məhdudlaşsaydı, dərd nə idi ki?! «Qarabağ» hər mövqeydə axsayır. Yeni gələnlərin transfer bədəli, onlara ödənilən müqavilə haqları bizi çox çaşdırdı. Ödənilən kompensasiyaların məbləği bir neçə milyonu keçdi deyə, «Qarabağ»ın daha üst səviyyəyə yetişməsinə dair rəylər çaşdırıcı oldu. Yarım ilə yaxındır bir yerdə olan futbolçu kəsimi hələ də uyğunlaşma sürəcindən keçməyibsə, deməli, transfer bazarlığında çox ciddi səhvlərə yol verilib.
Pul meydanda futbol oynamır. Meydanda futbol oynayan o pulu alanın oynadığı roldur. «Qarabağ»da belələrinin sayı hazırda çox azdır. Odur ki, Qurban Qurbanov hələ də legionerlərin məsuliyyəti dərk etməməsindən danışır. Başqa deyiləcək söz yoxdur axı.
MUSA
