"Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir" - Qurban Qurbanov

20:10 Qarabağ 45
"Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir" - Qurban Qurbanov

"Buradakı atmosferə görə, "Kəpəz" rəhbərliyinə, azarkeşlərə, nümayiş etdirdiklərə futbola görə onlara təşəkkür edirəm. Həqiqətən sanki Avropadaydıq, avrokuboklar matçındaydıq. Matçdan bir saat əvvəl meydançaya çıxmışdıq və həmin atmosferi artıq hiss edirdik. Əsl futbol üçün hər bir şərait var idi. Futbolçularıma təşəkkür edirəm. Qələbə üçün sona qədər hər şeyi etməyə çalışdılar. Azarkeşlərimiz də burada idi. Onlar da sona qədər dayanmadı. Deyəcək əlavə söz yoxdur. Heç kim uduzmaq istəmirdi. Göstərdikləri istəyə görə ən azından uduzmamağa haqq etdilər. Özümüzə gəldikdə, geriyə addım yoxdur, ancaq irəliləməyə çalışacağıq. Qarşıdakı oyunlara daha pozitiv hazırlaşmağa çalışacağıq, rəqiblərin üzərinə getməliyik. Bizə qarşı həmişə hansısa sistem dəyişdirilir, istək çox böyük olur. Azarkeş marağı yüksəkdir. Bu da "Qarabağ"a verilən dəyəri göstərir. Əvvəlki oyunlarda da çempionatın gücünü hiss etmişdik. Get-gedə çempionatın gücünü tam hiss etməyə başlayırıq, yeni gələn futbolçular da. Geriyə addım yoxdur. Ancaq irəliyə baxacağıq. Bir daha göstərdi ki, biz daha yaxşı, daha məsuliyyətli olmalıyıq. İnanıram ki, qarşıdakı matçlarda daha da yaxşı kollektiv görəcəksiz, daha yaxşı nəticələr göstərə biləcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunun "Kəpəz"lə(0:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

Stadiondakı atmosferdən danışdınız. Bu ab-hava sizi hansı illərə geri qaytardı?
Təbii ki, əvvəlki illəri xatırlatdı(gülür). Bu stadionun əvvəlki vaxtında da oyunumuza 25 minə yaxın adam gəlmişdi. Hətta rekord olmuşdu. Burada azarkeş həmişə olub, oyunlara hər zaman gəliblər. Ələlxüsusu da bizim oyunlara. O vaxtkı "qızıl oyun"un ab-havası da var idi. 2004-cü ildəki oyunda da stadion tam olaraq dolmuşdu. Sona qədər də atmosfer yaxşı oldu. Həm meydança yaxşı idi, həm də azarkeş çox idi. Azarkeş mədəniyyəti də var idi. Mənim üçün xoş oldu ki, oyunun gedişatında heç nalayiq ifadələr işlədilmədi. Sırf futbola azarkeşlik gördük.

Bruno Lanqanın ehtiyatda qalması nə ilə bağlıdır?
Həm Lanqa, həm də Sefas millinin düşərgəsindən gəlmişdilər, uzun yol qət etmişdilər. Ehtiyat edirdik. Sefası meydana buraxanda da ehtiyat etdim. Lanqa daha təcrübəlidir. Sefas yeni-yeni komandaya öyrəşməyə başlayırdı, sonradan millinin düşərgəsinə yollandı. Bizimlə bir neçə gün olmadı. İstəyirdik ki, bu gün kollektivlə birlikdə meydanda oynasın, özünü daha rahat, sərbəst hiss etsin. Millidən gələn oyunçuları meydana buraxmağa ehtiyat edirdim. Çünki çoxu iki matçda da oynadı. Reda Xardanı ümumiyyətlə meydana buraxmadım.

Beş oyunluq qələbəsizlik seriyası var. Bu, sizə böyük problemlər yarada bilər?
Əlbəttə ki, beş oyun qalib gələ bilmiriksə, bu, problemdir. Problem də yaradır, xallarımız gedir. Bununla razılaşmaya bilmərəm. Bəlkə qarşıda da hələ başqa matçlarda xal itkiləri olacaq.

Bəhlul Mustafazadənin geri qayıdışı haqda nə düşünürsüz?
Bəhlul 8 aydır ki, meydanda yox idi. Millinin son fasiləsinə kimi yaxşı səviyyəyə gəlmişdi. Bizim əvəzedici komandamızda da oynadı. Düzünü desəm, bu gün fikirləşirdim ki, 60 dəqiqə oynasın. Amma özü ilə danışdım, normal hiss edirdi özünü. Sonlara yaxın yorulmuşdu. İnanıram ki, bir şey olmaz. Sona qədər dözdü. Onun da bu çempionatı, bu oyunları hiss etməsi mənim üçün müsbət məqamdır. Bəhlulun topu qapıdan çıxarmasına gəldikdə, onun ən yaxşı bacaranlardandır. Rəqibdə də bu cür epizod oldu. Bəhlul bunu daha yaxşı bacarır.

Milli komandamız "cırtdan ölkələr"in yer aldığı Millətlər Liqasında ümumilikdə 2-ci yeri tutdu. Bunun nə dərəcədə uğurlu hesab etmək olar?
Birinci yer elə birinci yerdir. Onu dəyərləndirmək lazımdır. Onsuz da, bu cür böyüyürsən. Çempionluq, birinci yeri hər məşqçiyə, həm futbolçuya nəsib olmur. Liderliyi, çempionluğu hiss edirsənsə, gələcəyə baxmaq daha rahat olur. Buna dəyər vermək lazımdır. Millimizi təbrik edirəm, halal olsun.

Qış "transfer pəncərəsi" zamanı yeni hücumçu gətirməyi planlaşdırırsınız?
İlk olaraq, əlimizdəkiləri daha yaxşı vəziyyətə gətirməliyik. Digər tərəfdən, bizim axtarışlarımız ilboyu gedir. Transferlərdən 1-2 nəfəri gələn kimi uğurlu olursa, bu, böyük üstünlük sayılır. Olmursa, bəzi oyunçulara daha çox vaxt lazım gəlir. Hər halda, heyətimizi genişləndirmək istəyirik. Danışıqlar gedir. Amma bu o demək deyil ki, uğursuzluğu, məsuliyyəti transfin üzərinə atırıq. Bu futbolçuları da inanaraq gətirmişik, onlara da güvənirik. Bu heyətlə daha keyfiyyətli oyunlar göstərməyə layiqik.

Kadi Borgesin artıq çəkisi olduğu görünür...
Əksinə, son vaxtlarda xeyli çəki atıb. İdman forması daha yaxşıdır. Sadəcə bu fasilə bəzən hansısa oyunçuların yaxşı idman formasını itirməsinə gətirib çıxarır. Avrokuboklarda oynamadığımız üçün oyun sayımız da az olub. Daim oynamaq idman formasına düşmək üçün daha yaxşıdır. Ola bilər ki, hazırda öz idman formasından uzaqdır. Ancaq pozitiv çox şey var, hər şey daha yaxşıya doğru gedir. Məncə, Kadi elə də ağır görünmürdü, yaxşı epizodları da var idi.

"Qəbələ" Qəbələdəki oyundan bu yana "Qarabağ"ın oyun dinamikasında hansısa inkişaf görünmür. Yeni transferlərdən də çox, sizə inanırlar ki, bu vəziyyəti düzəldəcəksiniz. Sistemin mərkəzində olan adam kimi, prosses hansı istiqamətə gedir və sürətindən razısız?
Sürətindən razı deyiləm. Amma yaxşılığa doğru çox şey var. Çempionatı hiss etmək çox vacib detallardan biridir. Kadi Borges, Yankoviç çempionatı hiss edir, neçə illərdir ki, burada oynayırlar, təcrübəlidirlər. Amma digərləri oyun ərzində bunlardan daha çox güc sərf edirlər, amma çempionatı hələ hiss etməyiblər. Yaxşılığa doğru çox şey dəyişib. Tam istədiyimiz kimi alınmır. Lakin geriyə getmək yoxdur, yalnız önə baxacağıq, hər şeyə pozitiv yanaşırıq. Daha çox çalışmalıyıq. Ola bilər ki, bir müddət digərlərində alınmasın, yalnız bizdə alınsın. Bu period da olacaq.

Əvvəlki illərdə "Qarabağ"a daha çox karyerası zəngin olmayan oyunçular gəlirdi. Bu mövsüm isə karyerası daha yaxşı olan futbolçular transfer edildi, daha çox pul xərclənildi. Sanki indiki futbolçular o qədər futbola ac deyillər. Bu məqam "Qarabağ"ın əvvəlki vəziyyətinə qayıtması üçün nə dərəcədə təsir göstərir?
Çox şeydən danışmaq olar, çox iradlar bildirmək olar. Amma iş yaxşı gedəndə danışmağa, sizə fikir bildirməyə nə varki? Lakin bir az uğursuzluq var, hansısa fikrim özümüzü sığortalamış kimi alınacaq. İstənilən halda, biz yeni kollektivik. Mənim üçün maraqlıdır. Bəli, nəticələrimiz ürəkaçan deyil. Amma rəqib komandaların, məşqçilərin, futbolçuların bizə qarşı hazırlaşması mənim üçün maraqlıdır. Azarkeşlər üçün də maraqlıdır ki, "Qarabağ" gəlir. İstər-istəməz bunlar bizə həm məsuliyyət, həm də həyəcan verir. Get-gedə bunları da aradan qaldıracağıq. Nə qədər olmasa da, illər boyu komandamızın özəyi olub, hər mövsüm 2-3 transfer etmişik. Bu dəfə demək olar ki, sıfırdan başlamışıq, daha da dəyişikliklər edəcəyik. Burada olan futbolçuların göstərdiyi oyun onların potensialı deyil. Potensialları var. Sadəcə ola bilər belə məsuliyyəti buna qədər hiss etməyiblər ki,lmütləq çempion olmalısız, mütləq qalib gəlməlisiz, mütləq kubok qazanmalısınız. Hiss etdiyim odur ki, əvvəlki klublarında onlardan bunlar tələb edilməyib. Birdən-birə onlardan bunlar tələb olunanda, istər-istəməz həyəcan da baş verir, futbolçuları başqa atmoferə gətirib-çıxarır. Ən böyük çatışmazlıq var. Amma əvvəlki komandamız oturuşmuşdu, çempionatı hiss edirdilər. Bu gün bizim hücum xəttinin oyunçusu gəldiyindən daha yaxşı idman formasındadır. Onlar bura gələndə ümumi fiziki performansı indikindən 50 faiz aşağı idi. Bu tempə, mübarizəyə hazır deyildilər. Çatışmazlıqlar var. Çox faktorlar deyə bilərəm. Sadəcə bunlar özümüzü sığortalamış kimi göstərə bilər. Digər komandaların da haqlarıdır, "Neftçi", "Zirə", "Turan Tovuz", "Sabah", "Kəpəz"...Çox dəyişiklik olub onlarda. Oturuşmuş komandadırlar, bizə soyuq duş davam edir. Görünən odur ki, davam edəcək(gülür).

"Sabah" - "Barselona" matçında hansı komandaya azarkeşlik edəcəksiz?
Əlbəttə ki, "Sabah"a.

Stadionda olacaqsız?
İnşallah.

Digər Xəbərlər
Xəbər Lenti