" Rəqib də boş durmur, gözləmədiyimiz variantlara əl atır" - Qurban Qurbanov

8 Avqust 2022 21:30 Qarabağ 849
" Rəqib də boş durmur, gözləmədiyimiz variantlara əl atır" - Qurban Qurbanov

"Çox gözəl şəhərə gəlmişik və əla stadion gördüm. Belə bir arenada yaxşı oyun göstərməliyik. Hər iki komanda çox istəklidir. Biz buraya böyük inamla gəlmişik. Rəqib çox yaxşı təşkilatlanmış komandadır, bacarıqlı oyunçuları var. Futbolçularıma inanıram. Sonadək mübarizə aparacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə Macarıstan "Ferentsvaroş"u ilə cavab oyunundan öncə mətbuat konfransında deyib.

Mütəxəssis əvvəlki illərə nisbətən bu mövsüm ilk mərhələdən ciddi rəqiblərlə qarşılaşdıqlarını söyləyib: "Ferentsvaroş" 3-cü təsnifat mərhələsinə keçibsə, deməli, səviyyəli komandadır. Heyətində sıradan futbolçu yoxdur. Hər xətdə bacarıqlı və usta oyunçuları, həmçinin, hamımızın hörmət etdiyimiz baş məşqçiləri var. Bu rəqib əvvəlkilərdən güclü ola bilər. Amma biz dəfələrlə özümüzdən yaxşı komandalara qarşı çəkinmədən oynamışıq. Bu cür kollektivlərlə mübarizə aparmaq bizim üçün xoşdur".

Onun sözlərinə görə, hər oyun komandası üçün futbol döyüşüdür: "Meydanda vuruşmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Böyükhesablı qələbələr il ərzində nadir hallarda olur. Çempionlar Liqasında çox diqqətli olmalıyıq. Son vaxtlar elə üslubda oynayırıq ki, böyük hesabla uduza da bilərik. Amma heç vaxt ehtiyatı əldən vermirik. Böyük hesab haqqında düşünmürük".

Qurbanov "Ferentsvaroş"un prezidenti Qabor Kubatovun azərbaycanlı olmadığını vurğulayıb: "Bunu özü də etiraf etdi. Amma bunun önəmi yoxdur. Biz meydanda rəqibik. Sabah cütün taleyi həll olunmalıdır".

Mütəxəssis sabah Bakıdakından daha yaxşı oynamalı olduqlarını deyib: "Qələbə üçün buna ehtiyac var. İndi rəqibi daha yaxından tanıyırıq. Stanislav Çerçesovun müsahibəsini oxudum. O da bizimlə eyni fikirdədir. Rəqib də boş durmur, gözləmədiyimiz variantlara əl atır. Mərhələ keçdikcə, daha diqqətli olmalıyıq. Qarşı tərəf də bu oyunu ciddiyə alır və hər xırdalığı müzakirə edir. Futbolçular tapşırıqlarımızı yerinə yetirmək üçün daim diqqətli olmalıdırlar. Məncə, həm taktiki, həm də mübarizə baxımından maraqlı oyun olacaq. Çox istərdim ki. azarkeşlər matçdan razı qalsınlar".

"Futbolun dili birdir. Kim oyunu düzgün idarə edirsə, o da qələbə qazanır. Qazanılan nəticələrdə meydanda tapşırıqları yerinə yetirən futbolçuların payı daha çoxdur. Etdiklərimlə bağlı fikir bildirmək istəmirəm. Bu, bizim işimizdir. Etimadı doğrultmağa və işimizi düzgün görməyə çalışırıq".

Qurbanov "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov haqda da danışıb: "Böyük təcrübəyə malikdir. Bacarıqlı, tələbkar və nizam-intizamı sevən mütəxəssisdir. Ona hörmətimiz böyükdür. Yaxşı mütəxəssislərə hər zaman dəyər vermişik".

O deyib ki, hər səfər oyunu üçün uzun yol qət etsələr də, burada ciddi problem görmür: "İllərdir bu qaydada işləyirik. Şərtlər hamı üçün eynidir. Digər rəqiblər də bizimlə oyunlara gəlmək üçün uzun yol qət edirlər".

Baş məşqçi sonda zədəli futbolçuların durumuna da toxunub: "İki müdafiəçimiz - Maksim Medvedevlə Kevin Medina oynamayacaq. Amma digərlərinin qayıtması məni sevindirir. Belədə, rotasiya etmək imkanlarımız genişlənir".

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?