“Qəbələ” sabah “Qarabağ”dan nə qoparacaq? - “Hazır maşın”ı var

27 Noyabr 2021 22:40 Qarabağ 723
“Qəbələ” sabah “Qarabağ”dan nə qoparacaq? - “Hazır maşın”ı var

Hesabat turunun mərkəzi qarşılaşması bazar ertəsi baş tutacaq.

Cümə axşamı Avropa Konfrans Liqasının qrup mərhələsində “Omoniya” ilə 2:2-lik bərabərə qalan lider “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olacaq.
Öncəki 2 mövsüm olsaydı, bu komandalar arasındakı duelə mərkəzi oyun adını vermək absurd olardı.

Lakin cari mövsümdə əldə etdiyi nəticələrlə turnir cədvəlinin 2-ci pilləsində yer alan “qırmızı-qaralar” aradakı 5 xallıq fərqə baxmayaraq, “Qarabağ” daxil, bütün rəqiblərini özünə qarşı diqqətli olmağa çağırmaqdadır.

Bəli, istər proqnozsevərlər, istərsə də futbol ictimaiyyəti gələn həftənin ilk günü Qəbələdə keçiriləcək oyunda ağdamlıları favorit qismində görür.

Bölgə təmsilçisinin hansı komponentlərdə rəqibindən geri qaldığını bir-bir saymaq boşuna harasa tələsmək qədər mənasız olar. Çünki bu iki komandanı tərəzinin gözlərində müqayisə etmək mümkün deyil.

Amma meydan sahiblərinin qonaqları Bakıya əliboş göndərmək istəyi kifayət qədər real görünür.

İlk oyunu yada salaq

Komandalar arasında çempionatın ilk dövrəsində - 6-cı tur çərçivəsində “Azersun Arena”da baş tutan oyunun qısa xülasəsini göz önünə gətirək.

Qurban Qurbanov əsas heyət üzvlərindən bir neçəsinə dincəlmək imkanı yaratsa da, Kevin Medina, Patrik Andrade, Marko Veşoviç, Kadi Borges, Toral Bayramov kimi əsas heyət üzvləri “11-lik”də görünmüşdü.

İlk hissədə qapılara qol vurulmamış, ikinci hissənin startında Abdulla Zubirlə Filip Ozobiçin mübarizəyə qoşulması ilə “Qarabağ” istəyinə çatmışdı. Yekunda “köhlən atlar” 2:0 hesablı qalibiyyətə sevinmişdi.

Heyətdəki dəyişikliklər

“Qarabağ” indiki durumu oktyabrın əvvəlindəki vəziyyətdən fərqlənmir. Qurbanovun yetirmələri avrokubok mübarizəsini davam etdirir ki, sıx qrafikdə oynamağa məcburdur.

Bu fakt ağdamlıların təcrübəli çalışdırıcısını ehtiyatlanmağa məcbur etməkdədir. Yəni, heyət seçimində rotasiyalara əl atacağı gözləniləndir. “11-lik”də edilən mütəmadi dəyişiklər isə istər-istəməz komandanın çıxışına təsir edir. Əvəzində Elmar Baxşıyevin əlinin altında “hazır maşın” var.

Heyətdəki mümkün dəyişikliklərin üstünə “Omoniya” ilə matçdan sonrakı psixoloji durumu da gələndə, qəbələlilərin liderdən xal(lap) qoparmaq şansı bir az da artır.

Meydan amili

Meydan amili Azərbaycan futbolunda hər nə qədər xüsusi rola sahib olmasa da, “Qəbələ”dən və Qəbələdən bəhs edəndə bir qədər ehtiyatlı davranmağa borcluyuq.

Ona görə ki, “qırmızı-qaralar” doğma meydandakı qarşılaşmalarda inamlı görünür.

Digər tərəfdən, Bakının iqliminə öyrəşən “Qarabağ”ın əcnəbilərinin soyuq payız ayında Qəbələdə çətinliklə üzləşəcəyini ehtimal edə bilərik. Təbii ki, burda söhbət sıx qrafikdə oynayan və qış fasiləsinə qədər kifayət qədər yüklənən futbolçulardan gedir.

90 dəqiqənin tamamında hansı komandanın 3 xala sevinəcəyini, yaxud “Qəbələ”nin lideri büdrədə bilib-bilməyəcəyini görəcəyik.

İndiki durumda bilinən odur ki, bazar ertəsi Qəbələdə kifayət qədər maraqlı və gərgin qarşılaşma olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti