"Qarabağ"ın dilə gətirilməyən, gözdən yayınan ƏN BÖYÜK PROBLEMİ

26 Oktyabr 2021 14:40 Qarabağ 3 025
"Qarabağ"ın dilə gətirilməyən, gözdən yayınan ƏN BÖYÜK PROBLEMİ

Qurban Qurbanov da, komandası da Konfrans Liqası ilə nəfəs alır.

Fikirləri oralarda qalıb.

Premyer Liqaya qayıtmağa tələsmir, deyəsən, bu barədə heç fikirləşmirlər də.

Qitə arenasınıda işləri axarında gedən və taleyi öz əlində olan «Qarabağ» respublikanın sərhədləri daxilinə dönməyə bir qədər də geciksələr, böyük ehtimalla, keçən sezonda üzləşdiyi aqibəti təkrar yaşayacaq.

«Qarabağ» bu mövsüm yalnız Konfrans Liqasında gözəl oyunu ilə azarkeşlərinin köksünü qabardır.

Premyer Liqada 8 turu arxada qoyublar, dönüb arxaya baxın, bir qarşılaşmanı da baxımlı futbolla qazanmayıblar. Alışqanlıq halına gətiriblər bunu.

Konfrans Liqasında qrup mərhələsini aşmaq hədəfi Qurban Qurbanovu Premyer Liqada rotasiya etmək fikrindən daşındırmağa qoymur.

Avrokubokları bir heyətlə oynayır, burada fərqli. Abdulla Zubirlə Flip Ozobiç ilk dəqiqələrdən meydanda yoxdursa, vəziyyət bir az da qəlizləşir.

Əsas «onbirliy»in daha iki-üç üzvü ehtiyata çəkilirsə, ümumiyyətlə, «Qarabağ»ın oyun nizamı tamamilə pozulur, sıradan bir komanda səviyyəsinə enir.

Maliyyə çətinliyi dibə vuran, canı ilə əlləşən «Səbail»in önündə çarəsiz təsir bağışlayan «Qarabağ» meydançann keçəlliyindən şikayətlənməməlidir.

Şərtlər hər iki komanda üçün eynidir və digər tərəfdən, «Neftçi»nin, «Zirə»nin, hətta «Keşlə»nin Bayıldan qalibiyyətlə dönməsi kimi bir fakt ortada.

Yaxşı olar ki, baş məşqçi Emil Balayevin gedişinə icazə versin. Qoy oynaya bildiyi kluba getsin, burada qalmaq ona puldan savayı heç nə qazandırmır.

Şahruddin Məhəmmədəliyevlə rəqabətdə təslimiyyəti ilə barışan Emil Balayevin artıq özünəinamı itib, sıfıra enib. Birinci və üçüncü qolda səhvləri utandırıcıdır.

Oyun praktikasının azlığının yaratdığı fəsadlardır bu. Mövsümün yerdə qalan bölümünü də «Qarabağ»ın düşərgəsində keçirsə, yayda ona Nepaldan, Tailanddan, Maldiv adalarından təklif gələr, uzaqbaşı.

Cismi və ruhu ilə Konfrans Liqasının yanında olan «Qarabağ» Rəşad Sadıqovun yoxluğunu məhz Premyer Liqada hiss edir.

Burada olsaydı, komanda yoldaşlarının diqqətinin yalnız Biləcəridən o tərəfdə qalmasına imkan verməzdi. Gedib, indi bunu edən yoxdur, çıxmır üzə, konsentrasiya da böyük problemə dönüb.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti