“Qarabağ”ı Kiprdə nə(lər) gözləyir? - Bu faktlarla tanış olun

28 Sentyabr 2021 14:00 Qarabağ 1 033
“Qarabağ”ı Kiprdə nə(lər) gözləyir? - Bu faktlarla tanış olun

“Qarabağ” bu gün növbəti dəfə Kiprə yola düşür.

Ağdamlılar Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində sentaybrın 30-da GSP stadionunda “Omoniya”nın qonağı olacaq.

Əslində, bu arenanın adı azərbaycanlı futbolsevərlərə tanışdır.

Elə həmin “Qarabağ” 2019-cu ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində APOEL-ə rəqib olanda, cütün ilk oyunu GSP-də keçirilmişdi.

Avqustun 6-da baş tutan görüşdə təmsilçimiz 2:1 hesabı ilə qələbə qazanmışdı.

2019-20 mövsümündə “Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış, APOEL isə ÇL-in pley-offunda mübarizəni dayandırıb avtomatik Avroliqanın qrupuna yuvarlanmış və yenidən “köhlən atlar”a rəqib olmuşdu.

Bu dəfə qrup mərhələsinin APOEL – “Qarabağ” qarşılaşması noyabrın 7-nə təsadüf etmişdi. Gərgin keçən oyunda təmsilçimiz meydan sahiblərinə 2:1 hesabı ilə uduzmuşdu.

Bu, “Qarabağ”ın Nikosiyada keçirdiyi 2 oyundur. Yaxın keçmişdə daha 2 matç isə Nikosiyanın yaxınlığındakı Larnakada gerçəkləşib.

Çempionlar Liqasının 2020-21 mövsümünün 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Molde” görüşü Bakıda keçirilməli olsa da, norveçlilərin koronavirus pandemiyasını əsas gətirib Bakıya gəlmək istəməməsi oyunun neytral meydana salınması ilə nəticələnmişdi.

Belədə matç Larnakadakı “AEK Arena”da baş tutmuşdu. Oyun 0:0 hesabı ilə başa çatmış, ağdamlılar penalti zərbələrində “Molde”yə uduzmuşdu.
Sonuncu belə oyun ayyarım əvvələ təsadüf edir. “Qarabağ” avqustun 5-də Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində səfərdə AEL-lə qarşılaşmışdı.

“AEK Arena”da olduqca gərgin keçən, siyasi təxribatların yaşandığı qarşılaşmada “köhlən atlar” son saniyələrdə vurulan qol hesabına meydanı 1:1 hesablı bərabərliklə tərk etmişdi.

Statistikadan da göründüyü kimi, “Qarabağ” son 2 ildə Kiprə 4 səfər edib. GSP stadionunda keçirdiyi 2 oyunun 1-də qələbə qazanıb, digərində mğlub olub.

“AEK Arena”da isə, 1 dəfə məğlub olub, digərində bərabərlik qeydə alınıb. Ümumi götürsək, “Qarabağ”ın Kipr statistikası belədir: 1 qələbə, 1 heç-heçə, 2 yenilgi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu