Qayıdışın mübarək!

17 Sentyabr 2021 10:40 Qarabağ 1 397
Qayıdışın mübarək!

«Qarabağ» yenə təəccübləndirdi.

Əksər futbolçuları millilərin düşərgəsindən yorğun qayıdan, «Neftçi» ilə Azərbaycan derbisindən çıxan komanda dünən «Bazel»ə elə bir temp təklif etdi ki… Qələbə üçün çox şey elədilər.

«Hər şey elədilər» demək olardı. Ta o vaxt ki, Ramil Şeydayev 2 metrdən topu başla qapının istənilənq küncünə fırlatsaydı.

90+4-cü dəqiqədə qaçırılan bu qol epizodu «Qarabağ»ın qrupun lideri olman şansını qaçırmasıyla nəticələndi.

Orada Ramilə heçkim mane olmurdu: asma düz arzuladığı kimi edilmişdi. Bircə onu qapıçının üstünə vurmamaq lazım idi, Ramil lazım olmayanı etdi.

«Qarabağ» oyunun tamamını yüksək səviyyədə keçirdi. Azərbaycan standartlarının çox-çox üstündə performans ortaya qoydu.

Konfrans Liqasının yaraşığı ola biləcək bir futbol izlətdi bizə. Bu, son illərdə görmək istədiyimiz, amma görmədiyimiz «Qarabağ» idi. Qayıdışın, mübarək!

Deyəsən, həsrət sona çatıb. Ən azından, nümayiş etdirilən futbol sarıdan. Nəhayət, «Qarabağ» onu qrupdan çıxaracaq potensialını gözlər önünə sərdi.

Əlbəttə, bu, elə-belə məsələ deyil və o da aydındır ki, bir oyuna görə iddialı proqnoz vermək tezdir.

Qurban Qurbanovun İsveçrənin ən məşhur və ən titullu klublarından «Bazel»in adından çəkinməməsi, onlara öz üslubunu qəbul etdirməsi, sadəcə, zövqverici idi.

Şübhə yox ki, dünənki matçı izləyən hər bir azərbaycanlı hesabdan olmasa da, «Qarabağ»ın dominant futbolundan həzz aldı, hardasa qürurlandı, hardasa təəssüf hissi keçirdi. Ki, kaş qol da olaydı.

Qoldan başqa hər şeyin var olduğu bu oyunla ürəklərə sərinlik gətirən «Qarabağ»dan niyə də ümidli olmayaq ki?

Gec-tez qrupdan çıxmaq arzusu bitməlidir, ya yox? Zamanı yetişib görünür.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti