"Qarabağ"da nə çatışmır?

7 May 2021 09:40 Qarabağ 774
"Qarabağ"da nə çatışmır?

"Neftçi"nin "Keşlə" üzərində böyükhesablı qələbəsindən sonra "Qarabağ"ın "Zirə" ilə matçının mahiyyəti daha da artmışdı.

"Qartallar"a da ilk üçlüyə qayıtmaları üçün xal lazım idi.

Kubok əldən çıxıb, avrokuboklara tək çıxış bürünc qazanılmasıdır. "Sumqayıt"ın kuboku qazanacağına güvənmək Bakı-Sumqayıt yolunun tıxacına düşmək kimi bir şeydir.

Komandalar oxşar əhval-ruhiyyədəydilər. Əlavə vaxtadək uzanmış yarımfinal oyunlarından sonra zəhmət hədər getmişdi. Fiziki yorğunluq, hakim xətaları futbolçuları üzmüşdü. Kuboka həsrət qalan komandalar erkən final oyununa çıxmışdılar.

Bütün rəqiblərlə olduğu kimi, "Qarabağ" bu dəfə də ərazi üstünlüyünə yiyələndi. Lakin tez-tez top itkilərinə yol verirdilər. Ağdamlıların zədədən dönən oyunçularını nəzərə aldıqda, yenidən Kvabena Ovusunu start heyətində görmək təəccüblü görünürdü.

Kamerunlu hücumçu epizodları yenə sağa-sola xərcləyir, top itirir, komanda yoldaşlarına köməyindən çox, ziyanı dəyirdi. "Qarabağ" hücum etsə də, hesabı "Zirə" açdı, dərhal da cavab topunu qapısında gördü.

Zədəlilər ağdamlıları bezdirib. Elə bil, Ağdam azad edildikdən sonra Azərbaycan futbolunda olan ermənilər, düşmən qanını gəzdirənlər "Qarabağ"ı cadulayıb.

Hər oyunda "mina"ya düşürlər. Şahruddin Məhəmmədəliyev baaşındakı və sifətindəki tikişlərdən sonra təzə özünə gəlirdi, qolu sındı. Bu qədər şansızlıqla qarşılaşdıqdan göz yaşlarına hakim ola bilmədi.

"Qarabağ" iki oyunluq yüzfaizli qol epizodları yaratdı. Çox arxayın görünürdülər. "İndi vurarıq", "bu gün vurarıq", "sabah vurarıq"la bir də ayıldılar ki, artırılmış dəqiqələr gedir.

Təzyiqi artırsalar da, 2 xaldan məhrum oldular. Qol da vurdular, amma burası Azərbaycan çempionatıdır, İngiltərə Premyer liqası deyil. Halbuki 100% penalti idi.

Belə vurulan topları hakimlərin kefi istəyəndə, saymırlar.

Açıq əllə oyina görə "Zirə"nin təmiz penaltisi verilməyəndə, başla vurulan belə qolları da hakim saymaz.

"Qarabağ" son 10 dəqiqədə tempi artırdığı kimi, ilk dəqiqələrdən oynamalıdır. Kubok da bu cür oyunun güdazına getdi.

Belə davam etsə, çempionluq da əldən gedə bilər. "Qarabağ"ın oyunlarında aqressiya çatışmır. Elə bil, son illərin nəticələrindən doyublar artıq.

"Zirə" müdafiəni qoruyaraq, vacib 1 xal qazandı. "Sumqayıt"ın "Sabah"a məğlubiyyəti ilə üçüncü pilləni geri qaytardılar. Avrokuboklara vəsiqənin qazanılması öz əllərindədir. Daha səhvlərin edilməməsi şərti ilə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti