"Desək ki, komandaya yeni futbolçu almaq mütləqdir, düzgün olmaz" - "Qarabağ"dan

19 Yanvar 2021 00:42 Qarabağ 746
"Desək ki, komandaya yeni futbolçu almaq mütləqdir, düzgün olmaz" - "Qarabağ"dan

Sportinfo.az Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedevin müsahibəsini təqdim edir:

- Artıq qış təlim-məşq toplanışı başa çatır. Klubunuzun hazırlıq prosesi barədə nə deyə bilərsiniz?

- Hər şey qaydasındadır. Hamılıqla baş məşqçi Qurban Qurbanovun tapşırıqlarını yerinə yetiririk. Deməzdim ki, budəfəki toplanış proqram olaraq nə iləsə fərqlənir. Antalyada olsaydıq da, həmin proqramla işləyəcəkdik.

- Sizcə, "Zirə" ilə 3:3 hesablı heç-heçə etdiyiniz 3 hissəlik yoxlama matçı boşluqları görmək baxımından nə dərəcədə əhəmiyyətli oldu?

- Yoldaşlıq oyunlarının çox olmasını istərdik. Amma hazırda bunu etməyə imkan yoxdur. Cəmi 1 qarşılaşma oldu, ondan maksimum istifadə etməyə çalışdıq. 2 yox, 3 hissə oynadıq ki, bütün futbolçular meydana çıxa bilsinlər. İstər oyunun gedişində, istərsə də matçdan sonra analizlər oldu. Baş məşqçi səhvlərimizi bizə göstərdi, harada daha diqqətli oynamalı olduğumuzu izah etdi. Yaxşı ki, 1 oyun keçirə bildik. Baş tutmasaydı, daha çətin olardı. Çünki uzun fasilədən sonra çempionat görüşünə çıxacağıq. Düşünürəm ki, "Zirə" ilə matçın bizə faydası dəydi.

- Pandemiya ilə bağlı bu dəfə klublar ölkə xaricində yox, Bakıda toplanış keçməli oldu. Bu amilin "Qarabağ" üçün hansı müsbət və mənfi tərəfləri var?

- Əlbəttə, Antalyaya getsəydik, daha yaxşı olardı. Orada sınaqçı rəqiblər çox olur. Fərqli səviyyəli komandalarla ən azı 3-4 oyun keçirə bilərdik. Təəssüf ki, bu dəfə alınmadı. Bu baxımdan mənfi haldır. Bakıda qalmağımızın müsbət tərəfi odur ki, hər gün evə gedə, ailə üzvlərimizi görə bilirik. Yeganə müsbət məqam kimi bunu qeyd edə bilərəm.

- Necə düşünürsünüz, "Qarabağ" mövsümün ikinci yarısına neçə faiz hazırdır?

- İndi bunu faizlə demək olmaz. Elə oyunlar olub ki, çox yaxşı çıxış etmişik, amma xal ala bilməmişik. Hərdən isə yaxşı təsir bağışlamırıq, amma matçı 3 xalla başa vururuq. Ona görə də proqnoz vermək çətindir. Düzdür, 100 faiz hazır deyilik. Çünki fasilədən sonra heç bir komanda tam hazır ola bilməz. Oyunlar hər şeyi göstərəcək.

- "Qarabağ"ın bu qış transfer etməməsi azarkeşləri düşündürür. Sizcə, hazırkı heyət çempionluq uğrunda mübarizə aparmaq üçün yetərlidirmi?

- Ötən illə müqayisədə heyətdə ciddi dəyişiklik yoxdur. Keçən mövsüm necə çempionluğa oynayırdıqsa, indi də belədir. Desək ki, bu gün komandaya yeni futbolçu almaq mütləqdir, düzgün olmaz. Çünki heyətdə hər mövqedə oynaya bilən kifayət qədər oyunçu var. Hazırda hər hansı boşluq görünmür. Əksinə, gənclər də bizə qoşulub, daha böyük komanda təsiri bağışlayırıq. Futbolçularımız da formadadır, özlərini yalnız yaxşı tərəfdən göstərməyə çalışırlar.

- "Neftçi"nin liderliyi sizin üzərində hər hansı psixoloji təzyiq yaradırmı?

- Xeyr, heç bir təzyiq yaratmır. Çünki ehtiyatda hələ bir oyunumuz var. Həmçinin ikinci dövrə hələ qarşıdadır. "Neftçi" ilə 2 dəfə qarşılaşacağıq. Hər oyunda sabit çıxış etməli, lazımınca xal yığmalıyıq.

- Koronavirusa yoluxmuşdunuz, artıq sağalmısınız. Səhhətinizdə xəstəliyin hər hansı fəsadı qalıb?

- Artıq koronavirusdan tam sağalmışam. Heç bir fəsadı qalmayıb. Məşqlərdə qaçıram, problem hiss etmirəm. Əvvəl necə idimsə, indi də eləyəm (report).

Digər Xəbərlər
Xəbər Lenti