"Bir az keçsin, futbolçuların milliyə necə, hansı yollarla gətirildiyini deyəcəm"

20 Noyabr 2020 23:20 Problem 952
"Bir az keçsin, futbolçuların milliyə necə, hansı yollarla gətirildiyini deyəcəm"

Millinin bu ay keçirdiyi və qolsuz bərabərliklə başa çatan üç oyunu əsəbləri tarıma çəkdi.

Söhbət nəticədən getmir. Əlbəttə, Sloveniya və Monteneqro ilə Azərbaycandan kənarda keçirilən matçlarda bərabərə qalmaq yaxşı haldır.

Narahatlıq doğuran məqam yığmada oyun məzmununun olmaması, az qala bütün komanda ilə müdafiə olunmasıdır. Qısası, bugünkü durum ürək bulandırır.

Belə vəziyyətdə sabiq yığma üzvlərindən biri ilə danışmağı məqsədəuyğun bildik ki, müsahib kimi Mahir Şükürovu seçdik. Uzun illər millinin şərəfini qorumuş sabiq “4 nömrə” “gözlərini yumub, ağzını açdı”.

- Millinin oyunlarına baxdın?

- Düzünü deyim?

- Təbii ki.

- Yox.

- Niyə?

- Baxmadım demək də düz olmaz. Açığı, baxmaq istəyirəm. Hər dəfə açıb baxıram, 10 dəqiqədən sonra kanalı dəyişirəm. Əsəb keçirməkdən, hansısa futbolçunu danlamaqdansa, fikrimi başqa şeyə yönəldərəm.

- Yəni o dərəcədə əsəbə toxunur?

- Vallah, əsəbləşirəm. Biri var, oynayıb uduzasan, biri də var, oynamadan uduzursan. Ya da qapının qabağına yığışıb hücum eləmirsən. Nə bilim əşi… Bizim vaxtımızda super futbol oynamasaq da, ardıcıl 5-6 ötürmə edirdik, cinah hücumları qururduq, rəqib qapısına önünə hava ötürmələri edirdik, “çərçivə”yə zərbə endirirdik. Orta səviyyəli rəqiblərlə oynayanda, heç olmasa, 2-3 dəfə 100 faizlik imkan qazanırdıq. 4 oyundur qələbə qazana bilmirik, a kişi...

Без названия

- Milli niyə bu gündədir?

- Çempionat zəifdir, ona görə də milli bu gündədir. 8 komanda var, “Qarabağ” hamısından aşkar üstündür. Qalanları eyni səviyyədədir. Son vaxtlar nisbətən “Zirə”də müəyyən inkişaf müşahidə olunur. Çempionat ölkə futbolunun, yığmanın güzgüsüdür. Rəqabət yoxdur deyə, futbolçular inkişaf etmir. Pis oynamaq olar e, amma Lüksemburqa, Kiprə, Monteneqroya qarşı yox da. Çox zəif qrupa düşmüşdük. Bu qrupdan da çıxa bilmiriksə, ... UEFA Millətlər Liqasını Azərbaycan kimi reytinqi az olan komandalar üçün yaradıb. Bu gedişlə gələn ildən bu liqanı da yığışdıracaqlar.

- Mahir Şükürov, Rəşad Sadıqov, Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov, Vaqif Cavadov, Elnur Allahverdiyev, Ruslan Abışov... Bu futbolçular indi yığmanın şərəfini qorusaydı, qrupdan çıxmaq olardı?

- Dediyiniz futbolçular olsaydı, ölkə futbol tarixində rekord sayda xal yığıb bu qrupdan çıxardıq. Bilirəm ki, kimlərsə fikirlərimi oxuduqca “guya öz vaxtlarında nə ediblər” deyəcək. Həmin adamlar tarixi vərəqləsələr, hansı qruplarda, hansı rəqiblərə qarşı mübarizə apardığımızı görərlər. Qrupda 6 komanda yer alırdı, onlardan 1-i reytinqinə görə bizdən zəif sayılırdı. Buna baxmayaraq, meydanda can qoyurduq, güclü rəqiblərlə heç-heçə oynayırdıq, qələbə qazanırdıq. Avropanın “mənəm-mənəm” komandaları Bakıdan qələbə ilə qayıdanda sevinirdilər. Uduzsaq belə, xarakter göstərirdik, sona qədər döyüşürdük. Dünya ulduzlarından çəkinmirdik, yeri gələndə kəllə-kəlləyə dayanıb, sözümüzü deyirdik. Rusiyanın ən yaxşı vaxtlarında evdə uduzmamışdıq, Belçikayla heç-heçə etmişdik, Türkiyəni, Şimali İrlandiyanı udmuşduq. Gözümüzü açandan qrupdakı rəqiblərimiz Almaniya, İngiltərə, İtaliya, Xorvatiya, Belçika, Uels, Portuqaliya olub. İndi kimlərdir? Lüksemburq, Cənubi Kipr... Adam deməyə söz tapmır e. Bu gün millidə lider yoxdur. Maksimlə Qara qalıb köhnələrdən, onlar gedəndən sonra lap pis olacaq.

- Milli 4 oyundur qapısında top görmür. Buna inkişafa gedən yol demək olar?

- Heç bir inkişafdan söhbət gedə bilməz. 2 il əvvəl Yurçeviçi gətirəndə müsahibəmdə demişdim ki, Slovakiya ilə Macarıstana uduzsaq, millət ayağa qalxıb “istefa” qışqıracaq. Sonu mən deyən kimi oldu. Baş məşqçinin əlinin altında “material” yoxdursa, kimi gətirsən də xeyri yoxdur. Mourinyo gəlsin, nəticə olmayacaq. (bir qədər fasilə verəndən sonra)

İndi çox şey danışmaq istəmirəm. Bir az vaxt keçsin, futbolçuların milliyə necə, hansı yollarla gətirildiyini deyəcəm.

- İndi demək olmur?

- Hələ çox dərinə getmək istəmirəm.

- Niyə?

- “Kayserispor”un futbolçusu var, Hüseyn Acar. Milliləşdirilməsi gündəmdə idi, yadınızdadır? Onu AFFA-ya mən təklif etmişdim. Mənə görə gəlib milliyə kömək etmək istəyirdi. Sonra nə oldu? Arxamca iş çevirdilər, Hüseyn də gəlmədi. Çünki mənə görə gəlmək istədiyini demişdi. O vaxt Türkiyədə özü ilə görüşüb danışmışdım, detalları müzakirə etmişdik. Tək o deyildi, bir neçə türk futbolçu var idi. Hamısı Superliqada iştirak edən komandaların aparıcı üzvləri sayılırdı. Mənim təklif etdiklərimi götürmədilər. Gedib harda “qarğa” futbolçular var, gətirib yığıblar milliyə (milliləşdirilənləri nəzərdə tutur k red.).

- Maşallah, ürəyin doludur.

- Kimlər yığmaya futbolçu gətirir, necə gətirir, hansı şərtlərlə gətirir – hamısını danışacam (offsideplus.az).

Digər Xəbərlər
Xəbər Lenti