“Ümid edirik ki, bu hadisədən sonra daha çox toqquşmalar olmayacaq”

16 Fevral 18:50 Problem 345
“Ümid edirik ki, bu hadisədən sonra daha çox toqquşmalar olmayacaq”

“Azərbaycan dəfələrlə sülh prosesinin mövcudluğunu qoruyub saxlamağa tam sadiq olduğunu bəyan edib”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels signal”a müsahibəsində deyib.

Onun sözlərinə görə, son atışma fevralın 13-ü Ermənistanla Azərbaycan arasındakı şərti sərhəd boyunca bir neçə aydır davam edən nisbi sakitlikdən sonra, Ermənistan tərəfinin heç bir səbəbsiz atəşkəs rejimini kobudcasına pozması və onların snayperlərindən birinin Azərbaycan tərəfindəki sərhədçilərdən birini ağır yaralaması ilə başlayıb: “Və əslində bu, çox təəssüfləndiyimiz qarşıdurmaya səbəb oldu, çünki bunun ardınca digər itkilər də gəldi. Azərbaycan bu atəşkəs rejiminə çox sadiq idi, çünki biz hal-hazırda sülh sazişinin mətninin razılaşdırılması üzərində çalışırıq və diplomatlar danışarkən vəziyyəti sakit saxlamağın nə qədər vacib olduğunu bilirik.

Ümid edirik ki, bu hadisədən sonra daha çox toqquşmalar olmayacaq. Azərbaycan dəfələrlə sülh prosesinin mövcudluğunu qoruyub saxlamağa tam sadiq olduğunu bəyan edib. Biz Ermənistan tərəfi ilə iki ölkə arasında danışıqların predmeti olan sülh sazişi layihəsinə dair təkliflər mübadiləsini davam etdiririk. Eyni zamanda, son aylarda Ermənistan və Azərbaycan Sərhəd Komissiyalarının sərhədin delimitasiyasına cavabdeh olan baş nazir müavinlərinin başçılıq etdiyi heyətlər iki iclas keçirdib”.

E.Əmirbəyov qeyd edib ki, atışma əsasən Avropa İttifaqının müşahidə missiyasının yerləşdiyi əraziyə yaxın olan bir yerdə baş verib: “Burada qeyd etməliyəm ki, təəssüf ki, son vaxtlar Avropa İttifaqının müşahidə missiyasının əsas məqsədlərini yerinə yetirmədiyinə dair bəzi əlamətlər görürük, çünki Avropa İttifaqının müşahidə missiyasının bəyan olunmuş əsas məqsədi Ermənistanla Azərbaycan arasında etimad səviyyəsini artırmaq və yerləşdiyi bölgədə gərginliyi azaltmaq idi. Gördüyümüz kimi, son bir neçə həftə ərzində bir sıra hadisələr baş verdi. Biz artıq Aİ-yə üzv ölkələrdən olan müxtəlif səfirlərin, digər rəsmilərin, bəzi Aİ-yə üzv ölkələrdən olan hətta yüksək rütbəli hərbçilərin sərhədin bu hissəsinə müntəzəm səfərlərini görürük, burada onlar şəkillər çəkirlər, Azərbaycan tərəfinə durbinlə baxırlar, bunu hansısa bəyanatlarla müşayiət edirlər. Beləliklə, bu, yəqin ki, bu Aİ missiyasının iştirakı ilə atəşkəsi poza biləcəklərini düşünən Ermənistan tərəfinə müəyyən mənada cəsarət qazandıran və bu faciəli nəticələrə səbəb olan amildir. Biz isə hesab edirik ki, qarşı tərəf bunun əvəzinə sülh axtarışına yenidən səmimiyyətlə qoşulmalıdır.

Qeyd etməliyəm ki, təəssüf ki, Ermənistan hökumətinin Baş nazir, xarici işlər naziri və digər rəsmi şəxslər səviyyəsində edilən rəsmi bəyanatları ilə Ermənistan tərəfinin hazırki həqiqi hərəkətləri arasında böyük uyğunsuzluq var. Son təxribat xeyli narahatlıq doğurur, çünki qeyd etdiyim kimi, aylarla davam edən tam sükutdan sonra, bu cür insident yaşamadığımız zaman, sərhədçimizin əsassız ağır yaralanması ilə nəticələnən atəşkəs rejiminin pozulması ilə üz-üzə qalırıq.

Yenə də deyirəm, ağır yaralanan bizim sərhədçimiz olub. Və əlbəttə ki, buna cavab olaraq tərəfimizdən adekvat cavab verildi, lakin ümid edirəm ki, bu, atəşkəsin davamlı pozulmasına çevrilməyəcək, çünki hər iki tərəf heç bir hərbi əməliyyatı bərpa etməməyi və açıq qalan həll olunmamış məsələləri yalnız sülh yolu ilə həll etməyə çalışmağı öhdəsinə götürüb”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!