Yevlaxa 16 ildən sonra böyük futbol qayıtmışdı.
Təəssüf ki, elə gəldiyi kimi də geri qayıtdı.
“Karvan” hələ də 20 il əvəvlki idarəçiliklə, təfəkkürlə, yanaşma ilə idarə olunur.
Klubun sahibi futbola öz biznesindən daha çox vəsait ayrımağı məqsədəuyğun saymadı, xərclədiyi pul isə hazırkı liqada qalmaq üçün yetərli olmadı.
“Karvan”ın təkcə vəsaitə yox, həm də peşəkarlaşmağa ehtiyacı var.
Adicə mətbuat konfransı otağını tələblərə hazırlayıb ortaya çıxara bilməyən, məşqçi ilə birtərəfli pozulan müqaviləyə görə kompensasiya ödəmək anlayışını qəbul etməyən klubdan nə gözləmək olar?
“Karvan” haqqında turnir cədvəli danışır: hamıdan az qələbə sayı, hamıdan çox uduzan komanda, ən çox qol buraxan, ən az top vuran.
“Karvan” mövsümü 15 xalla bitirdi, bunun 5-i Azər Həşimovun, 10-u Füzuli Məmmədovun rəhbərliyi altında qazanıldı.
Noyabrda Azər Həşimov istefaya göndərilsə də, klub onun təzminatını ödəmədiyi üçün Füzuli Məmmdovun təyinatını yalnız ayyarım sonra - yanvarda rəsmən açıqladı.
Mayın 29-da isə klub Füzuli Məmmədovla əməkdaşlığa son qoyulması xəbərini yaydı. İrəli yox, geri gedən “Karvan”ın növbəti sarvanı kim olacaq?
Bu, klub rəhbərliyinin seçimidir. Klubun sahibi Şahmar Vəliyev yaxınlarda “sport1”ə maraqlı müsahibə vermişdi.
Onun iddialı fikirləri, özünütənqidi çıxışı müsbət təsir bağışladı.
Şahmar Vəliyev müsahibəsində deyir ki, futbolda fərdi maraqlar və maxinasiyalar rol oynayır. Deyesen, Vəliyev bunu öz klubunda aşkar müşahidə edib.
Sitat: “Əsas problem seleksiya mərhələsində buraxılan ciddi səhvlər oldu. Bu prosesi həvalə etdiyim şəxslərə tam etimad göstərdim, təəssüf ki, onlar özlərini doğruldulmadılar. Komandaya kifayət qədər yüksək maaşlı futbolçular cəlb olunmuşdu, lakin meydandakı performansla yatırılan vəsait arasında ciddi uyğunsuzluq yarandı. Xüsusilə legioner seçimi məni qətiyyən qane etmədi. Bu sahədə, demək olar ki, sıfıra yaxın effektivlik gördüm. Nəticə olaraq, bu vəziyyət bizim üçün ciddi dərs oldu. Artıq seleksiya siyasətinə daha sərt nəzarət ediləcək, qərarlar daha peşəkar və şəffaf əsaslarla veriləcək”.
“Karvan-Yevlax” ölkənin futbol elitasını tərk etdi. “Klub fəaliyyətini dayandıracaq və ya iddiasız olacaqmı” düşünən yevlaxlı azarkeşlərə, məncə, Şahmar Vəliyevun bu açıqlaması təsəlli ola bilər:
“Karvan” bir günlük layihə deyil ki, bir liqadan düşməklə dağılsın. Biz geri çəkilən yox, daha da güclənərək qayıdan tərəf olacağıq”.
Şahmar Vəliyevin bu sözlərini yadda saxlayaq.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

