Futbol akademiyaları üçün 5 ulduz sertifikatlaşdırma modeli AFFA üçün daimi monitorinq və məlumatlılıq fürsəti yaradır.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a milli assosiasiyanın Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov açıqlama verib.
O, sözügedən layihənin akademiyaların inkişafında rol oynayacağını bildirib:
"Bu layihə bizim üçün daimi monitorinq və məlumatlılıq fürsəti yaradır. Bu sistem AFFA-ya akademiyaların cari vəziyyəti haqqında daim məlumat verəcək. Çünki il boyunca davam edən prosesdir. Hər bir yoxlanışdan sonra biləcəyik ki, hansı sahələrdə irəliləyiş, hansılarda durğunluq var, hansılarda dəstək lazımdır. Bu, konkret qərarvermə mexanizmə kömək edəcək".
AFFA rəsmisi 5 ulduz sertifikatlaşdırma modelinin əsas mahiyyətindən də söz açıb:
"Azərbaycandakı akademiyaları beynəlxalq standartlara, Avropanın uşaq və gənc futbolunun ən yüksək şəkildə inkişaf etmiş ölkələrinin təcrübələrinə uyğun şəkildə qiymətləndirən obyektiv sistem qurmaq istəyirik. Hazırda bunun üzərində işləyirik. Hər akademiya eyni meyarlar əsasında yoxlanılır. Nəticədə 0,5 ulduzdan 1-ə, 1,5-dən 2-yə və sonda 5 ulduzadək keyfiyyət sertifikatı alınır. Bu proses akademiyalarımızda hansı sahələr üzrə dəstək mexanizminin qurulmasına imkan verir. Sistem özündə bir neçə əsas sahəni əhatə edir. Bunlar akademiyanın strategiyası, insan resursları, məşq prosesləri, "oyunçu yolu", infrastruktur, maliyyə və akademiya daxilində bilik paylaşımıdır. Məşqçilər üçün dəstək də var. Akademiyalarda yalnız məşqçinin lisenziyasının olub-olmamasını yoxlamırıq. Maraqlanırıq ki, mütəxəssis bir lisenziyadan digərinə necə inkişaf edir. İllik inkişaf planı mövcuddurmu? Beynəlxalq təcrübə toplayırlarmı?"
S.Hüseynov oyunçuların futboldan əlavə, təhsilə də önəm verməsinin vacibliyini vurğulayıb:
"Oyunçu yolu" nə deməkdir? Uşaq akademiyaya girəndən, əsas komandaya, milliyə və xarici kluba gedənədək bütün karyerası sistemdə görünür. Bu yolun hər mərhələsində akademiyalara dəstək mexanizmləri hazırlayırıq. Oyunçunun futboldan əlavə, təhsilə yönləndirilməsi baxımından da dəstək mexanizmi qurulur. Bundan əlavə, akademiyaların məhsuldarlıq göstəricilərinin artırılmasında onlara dəstək göstərəcəyik. Akademiyalar nəticəyə görə qiymətləndiriləcək. Məsələn, necə futbolçu milli komandaya dəvət alır? Neçəsi Premyer Liqada oynayır? Hansılar xarici klublara keçib? Bu rəqəmlər sistematik şəkildə izlənilir. Bu məhsuldar göstəricilərin artırılmasında akademiyalarımza daim kömək göstəriciləcək".
AFFA-nın inzibati binasında futbol akademiyalarının nümayəndələrinin iştirakı ilə 5 ulduz sertifikatlaşdırma modelinin ilkin müzakirə görüşü keçirilib.

