Bizim problemimiz - İstedad hər yerdə var, sistem isə…

17:40 Problem 132
Bizim problemimiz - İstedad hər yerdə var, sistem isə…

Futbol dünyasında illərdir dəyişməyən bir həqiqət var: istedad coğrafiya tanımır.

O, Braziliyada da var, Afrikada da, Avropanın ən kiçik şəhərlərində də.

Problem heç vaxt istedadın olmaması olmayıb. Əsas problem istedadın necə idarə edilməsi və hansı sistem daxilində inkişaf etdirilməsidir.

Müasir futbolda fərqi yaradan əsas amil artıq yalnız texnika və sürət deyil. Bunlar vacibdir, amma həlledici deyil.

Həlledici olan oyunçunun hansı mühitdə böyüməsi, hansı planla irəliləməsi və inkişafının necə ölçülməsidir.

Sistem dedikdə təkcə akademiya və ya məşqçi nəzərdə tutulmur. Sistem ardıcıllıq, ölçmə, analiz və səbirdir.

Sistemin olmadığı mühitlərdə futbolçu çox vaxt bir oyuna görə qiymətləndirilir, bir səhvə görə kənara qoyulur. Fiziki cəhətdən tez inkişaf edənlər önə çıxır, amma daha gec açılan, düşünən futbolçular diqqətdən kənarda qalır.

Bu yanaşma uzunmüddətli perspektivdə keyfiyyətli futbolçu çatışmazlığı yaradır.

Mövcud reallıq yalnız bir ölkəyə aid deyil - bu, qlobal problemdir.

Amma bəzi futbol ölkələri bu problemi vaxtında anlayaraq sistem qurmağı bacarıb. Digərləri isə hələ də yalnız istedada ümid etməklə kifayətlənir.

Bu yanaşmanı ən aydın şəkildə tətbiq edən futbol ölkələrindən biri Portuqaliyadır.

Portuqaliya son 10-15 ildə klassik “nəticə yönümlü klub” modelindən çıxaraq, oyunçu yetişdirən və ixrac edən sistemli futbol ölkəsinə çevrilib. Bu gün dünyanın ən güclü akademiyalarından bəziləri artıq Portuqaliyada yerləşir.

Bunun ən real nümunələrindən biri «Braqa» akademiyasıdır. «Braqa» uzun illərdir strategiyasını açıq şəkildə müəyyən edib: klub üçün əsas məqsəd daxili çempionluqlar uğrunda emosional yarış deyil,

Portuqaliya liqasında davamlı qalmaq, Avropada stabil iştirak və akademiyadan çıxan oyunçuların böyük bazarlara transferidir.

Bu model çərçivəsində «Braqa»:

• akademiyaya ciddi və davamlı investisiya edir

• gənc oyunçular üçün mərhələli inkişaf planı qurur

• hər futbolçunu erkən yaşdan konkret profil üzrə formalaşdırır

Nəticədə klub hər il Avropa bazarına futbolçular çıxara bilir və bu artıq təsadüf yox, sistemli və planlı prosesdir.

Oxşar yanaşmanı «Famalicao» klubunda da görmək mümkündür. «Famalicao» nəticədən çox modelə fokuslanan klublardandır.

Onlar akademiya və gənc futbolçular üzərindən dəyər yaratmağı prioritet hesab edir, oyunçuları tələskən şəkildə “yandırmır”, inkişaf üçün vaxt verir.

Məhz bu səbəbdən klub son illərdə Portuqaliya futbolunda stabil şəkildə diqqət mərkəzindədir.

Bu nümunələr bir daha göstərir ki, uğur təkcə istedadla gəlmir. Uğur düzgün qurulmuş sistemin nəticəsidir.

Sistem olan yerdə istedad gec-tez üzə çıxır. Sistem olmayan yerdə isə ən böyük potensial belə itir.

Bu mənada Azərbaycan da istisna deyil. Bizdə də istedadlı gənclər var. Lakin mövcud şəraitdə onların müasir futbolun tələblərinə cavab verəcək səviyyədə yetişməsi olduqca çətindir.

Bunun əsas səbəbi istedadın olmaması deyil, onu öyrədə bilən məşqçi modelinin və həmin məşqçinin işləyə biləcəyi mühitin formalaşmamasıdır.

Hətta bilikli və inkişaf yönümlü məşqçilər varsa belə çox vaxt sistemsiz mühitdə təsir imkanlarını itirirlər.

Bu reallığı qəbul etmədən irəli getmək mümkün deyil.

İstedad başlanğıcdır. Karyera isə yalnız sistemlə qurulur.

FİFA lisenziyalı futbol agenti Emil Asadov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti