"Qarabağ"ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək.
22 yaşlı gəncin ABŞ-yə yollanacağına inananlar da var, inanmayanlar da.
O, bundan sonra «Kolambus Kru»nun formasını geyinəcək.
"Xəzər Lənkəran"ın yetirməsinin 2016-cı ildən formasını geyindiyi Ağdam klubu ilə müqaviləsi gələn yay bitəcək, Odur ki, «köhlən atlar» bu keçiddən müəyyən qazanc da əldə edəcək.
"Qarabağ"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qarabağ” 3 gün öncə Azərbaycan Kubokunun 1/4 finalının ilk görüşündə “Şamaxı” ilə qarşılaşdı. Baş məşqçi Qurban Nəriman Axundzadəni 23 nəfərlik heyətdən kənarda saxladı.
Son zamanlarda forma şansı qazana bilməyən hücumçunun kubok matçında “23-lüy”ə belə salınmaması sual doğuran məqam kimi görünə bilərdi, amma…
Qurbanov təsadüfən belə qərar verməyib. ABŞ klubu ilə danışıqların başa çatmaq üzrə olduğunu bildiyi üçün Nərimanın adını iştirak ərizəsini salmayıb.
Səbəbkarın özü legioner həyatı yaşamaq niyyətini çoxdan dilə gətirib. Ondan olsaydı, hələ 2 il öncə Azərbaycanı tərk edərdi. Səudiyyə Ərəbistanı başda olmaqla, Asiyanın müxtəlif ölkələrindən təkliflər almışdı.
Sadəcə, Qurban Qurbanov həmin vaxt bu ayrılığa izn vermədi. İndi isə vəziyyət çox fərqlidir.
Çempionlar Liqasının əsas mərhələsinin «Ayaks»la matçından sonra demək olar bütün ictimaiyyət Nərimanın üzərinə yeridi.
Bakıdakı matçın ikinci hissəsində meydana ayaq basan və şans qazandığı bu dəqiqələrdə kifayət qədər bərbad təsir bağışladığı üçün sosial şəbəkələrdə linc kampaniyasına məruz qaldı.
Təzyiqlər o qədər güclü oldu ki, Qurbanov «Ayntraxt»la növbəti görüşdə (3:2) hücumçuya forma geyindirmədi, sonadək ehtiyatda saxladı. «Xəzər»in yetirməsinin tribunalar tərəfindən fitə basılmasından ehtiyat etdi.
Əlbəttə, bu durum uzun müddət davam edə bilməzdi. Ya o yanlıq olmalı idi, ya bu yanlıq.
Axundzadə okeanın o tərəfinə yollanmaqla həm başının sakitliyini təmin elədi, həm də «Qarabağ»ı əlavə söz-söhbətdən qurtardı. Getməsəydi, durum daha da pisləşəcək və qəlizləşəcəkdi.
Qalsaydı, çətin ki, publikanın ona münasibəti dəyişərdi. Çünki qaçırdığı qol epizodlarıyla azarkeşlərin antipatiyasını qazanıb.
Azərbaycanda başqa bir kluba keçsəydi, daha pis. Həmin komandanın fanatları tərəfindən rəğbətlə qarşılanmayacağını özü də başa düşürdü.
Belə vəziyyətdə ən düzgün qərar ölkəni tərk etmək idi, Nəriman da uzaq ölkəni seçməklə prosesin gedişatını, hadisələrin nəbzini tutdu.
SPORTİNFO.AZ

