Premyer Liqanın yeni iştirakçısı baş məşqçini istefaya göndərəcək?

1 Fevral 23:45 Problem 235
Premyer Liqanın yeni iştirakçısı baş məşqçini istefaya göndərəcək?

Yeni ilin «İmişli»si 2026-nın son iki ayındakı komandanın eynisidir.

Eniş var, yüksəliş yox.

İki aydan çoxdur qələbəyə həsrət qalan «İmişli»də baş məşqçi istefası gözlənilmir. Rəhbərlik Jorj Kaskilyanın arxasındadır.

Baş məşqçinin müqəddəratına mayın sonunda – mövsümün final mərhələsində aydınlıq gələcək. Portuqaliyalı narahat olmaya bilər, hələ limiti tükənməyib.

Tükənən bəzi futbolçulardır. Onlarda sabitlik çatışmır.

Bu, Azər Salahlının başçılıq etdiyi müdafiə xəttində daha çox nəzərə çarpır. «Qəbələ»nin vurduğu üç qol da fərdi səhvlərdən qaynaqlandı.

Sezonun əvvəlindəki «İmişli»yə qol vurmaq hər rəqibin başı üçün deyildi. Betonu dəlmək olardı, «İmişli»nin birinci zonasını yarmaq yox.

Premyer Liqada belə kompakt müdafiə olunmağı bacaran komanda azdır. «İmişli» sırf etibarlı müdafiəsinin, praqmatik futbolunun gücünə turnir cədvəlinin orta sıralarına dırmanıb.

Sadəcə, arxa zonada «dəliklər»in əmələ gəlməsi ilə debütant uğurlu zolaqdan kənara yuvarlanıb, qələbə qazanmağı problemə dönüb.

Çıxış yolu varmı? Rəhbərlik baş məşqçidən bu haqda soruşub yəqin.

Kaskilyanın onlara nə deyib-demədiyini bilmirik. Bildiyimiz yalnız budur - müdafiə blokunu fərqli formatda təşkil etmək lazımdır artıq.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!