18 tura 1 qələbə əldə edən «Karvan» artıq növbəti mövsüm barədə fikirləşməlidir.
Daha gecikmək olmaz.
Füzuli Məmmədov hər nə qədər «mən bunu həzm edə bilmərəm» söyləsə də.
Həzmdən keçib day! İki aydan artıqdır Yevlaxda məskən salan yeni baş məşqçi özünü çox yormasın. Premyer Liqada qalmaq barədə hansısa xəyallar qurmağa dəyməz.
Bu, gülməli görsənir.
Gerçəklik var - «Karvan» 15 ildən sonra qayıtdığı çempionata hədsiz pis hazırlaşıb. İstər heyət, istər şərait sarıdan.
Yaxşısı budur ki, I Liqaya aid planların icrasına başlasınlar. «Sumqayıt»a dünənki məğlubiyyətlə Premyer Liqa karvanı bir xeyli uzaqlaşdı «Karvan»dan.
Füzuli Məmmədov normal mütəxəssisdir. İşgüzardır, «uf» demədən, «of» eləmədən səhər-axşam çalışandır.
Ancaq və lakin peşəkar mühüti olmayan kluba gəlib o. Gərək buradan dəvət aldığı vaxt yüz ölçüb, bir biçərdi, tələm-tələsik qərar verməzdi.
Fuzuli Məmmədov qollarını çırmalayandan bu tərəfə «Karvan»ın fiziki hazırlığı yaxşılaşıb. Necə gəldi müdafiə olunmurlar. Nətəhər gəldi əks-hücuma çıxmırlar.
Bir səliqə-sahman yaranıb. Bununla iş düzəlsəydi, daha nə var idi ki..?
I Liqa səviyyəsində legionerlərlə Premyer Liqada sonuncu pillədən yaxa qurtarmaq qeyri-mümkündür. Üstəlik, qol vurmağı da problemə çeviriblər.
«Karvan» üç-dörd real fürsətdən birini dəyərləndirsəydi, «Sumqayıt» Yevlaxda qələbə qazanmağa çətinlik çəkərdi.
Futbolun yazılmayan qanunudur bu - sən qol vurmayacaqsansa, sənə vuracaqlar, tüstülənəcəksən.
ELNUR / SPORTİNFO.AZ

