Azərbaycanlı futbolçuların qətliamı, məhvə aparan yol

21:20 Problem 210
Azərbaycanlı futbolçuların qətliamı, məhvə aparan yol

Əvvəlki illərdə Premyer Liqada tətbiq olunan limitin cari mövsümdən etibarən aradan qaldırılmasının nəticəsini görməkdəyik.

Və zaman keçdikcə bu, daha ağır fəsadlara yol açacaq.

Yığma üzvlərindən neçəsi öz komandasının əsas heyət üzvü hesab olunur? Deyək ki, tən qarısı. Bəs, qalanları?

Çempionat görüşlərində ehtiyatda oturan, 15-20 dəqiqə şans qazanan futbolçular dünya səviyyəli rəqiblərlə oyunlarda nə edə bilər?

Söz yox, limitin yığışdırılması Premyer Liqanın səviyyəsinin artması, komandalarımızın avrokuboklarda uğurlu çıxış etməsi və ölkəmizə daha səviyyəli legionerlərin axın etməsi baxımından əla imkandır.

Lakin eyni zamanda azərbaycanlı futbolçuların qətliamıdır, onları məhv etməkdir, boğazlarına ip salıb boğmaqdır.

İctimaiyyətinin bir qismində belə bir iddia formalaşıb ki, azərbaycanlı futbolçu legionerdən üstün olduğunu sübut etməli və oynamalıdır

Sübut edə bilmir, heç bilməyəcək də. Çünki azərbaycanlı futbolçular düzgün istiqamətdə yetişmir, keyfiyyət sarıdan əziyyət çəkir, səviyyə sarıdan “axsayırlar”. Avropadan, yaxud Afrikadan gələn ortabab oyunçu belə, bizimkini üstələyir. Ona görə də ki, uğurlu məktəbi olub, taktiki-texniki, fiziki, psixoloji hazırlığı kifayət qədər yüksəkdir.

Azərbaycanlı oyunçular beynəlxalq səviyyəyə çata bilməyiblər, bu gedişlə heç bilməyəcəklər də. Və bunun günahı tək özlərində deyil.

İndi nə edək? Silib ataq? Ömürlük ehtiyatda oturmalarına göz yumaq? Mövcud durumla barışıb məhv olmalarına tamaşa edək?

Azərbaycan millisinin az da olsa inkişaf etməsini, nəticələrin yaxşılaşmasını istəyiriksə, limit məsələsi başqa formaya salınmalıdır, nizamlanmalıdır. Əks halda daha böyük faciələr uzaqda deyil.

Premyer Liqa klublarının qarşısında ya avrokuboklara vəsiqə, ya da elitadakı yerini qorumaq tapşırığı olduğu üçün baş məşqçilər legionerləşmə ilə hədəfə çatmaq istəyir. Bu yol öz uşaqlarımızı məhv edir.

Limitsizlik Azərbaycan millisini məhvə aparır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti